Trampa arxalanmayın! - ABŞ prezidentinin keçmiş müşaviri

“Rusiya döyüş meydanında vəziyyətin onun xeyrinə olduğuna və danışıqlarda daha çox şey əldə edə biləcəyinə inandığı üçün nizamlanmaya tələsmir. Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Donald Trampın bütün güzəştlərə getməyə hazır olduğunu bildiyi üçün onu dəstəkləyəcəyinə əmindir”.

Sozcu.az xəbər verir ki, bunu “Delfi”yə müsahibəsində Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. Eyni zamanda, Bolton iddia edib ki, Putinin “Rusiya imperiyasını yenidən yaratmaq” ambisiyaları Ukrayna hüdudlarından kənara çıxır.

O, Avropa ölkələrini birləşməyə və Trampa arxalanmamağa çağırıb.

“Düşünürəm ki, Putin keçmiş “KQB” agenti kimi insanları manipulyasiya etməyi bacarır. Onların zəif cəhətlərini bilir. Putin həm Trampın ilk prezidentlik dövründə, həm də Tramp bu il vəzifəyə gəldikdən sonra ilk 90 gün ərzində onunla uğurla oynaya bildi. Putin açıq şəkildə bütün Ukraynanı ələ keçirmək istəyir. O, Rusiya imperiyasını yenidən yaratmağa çalışır. Ona görə də Ukraynada baş verənlərdən asılı olmayaraq, digər keçmiş sovet respublikaları Moskva tərəfindən daim təhdid altındadır. Və mən hesab edirəm ki, bu gün Kreml nədənsə Ukraynada atəşkəsə razılaşsa belə, bu, yalnız müvəqqəti xarakter daşıyacaq, o vaxta qədər ki, onlar öz silahlı qüvvələrini yenidən quracaq, yeni texnikalar alacaq, sonra da müharibəyə davam edəcək.

Çünki Rusiya imperiyasının yenidən yaradılması böyük məsələdir. Bunun üçün Ukrayna lazımdır, lakin bir çox başqa şeylər də tələb olunur. Deməli, Putin üçün bu, çox uzunmüddətli plandır. Söhbət təkcə Ukraynanın şərqində növbəti altı ay ərzində baş verəcəklərdən getmir. Mən əmin deyiləm ki, Tramp bu böyük mənzərəni anlayır və ya başa düşürmü, bu onun mühakiməsinə təsir edəcəkmi?

Məncə, Kremlin həyata keçirə biləcəyi başqa məqsədlər də var. Bu gün Belarus praktiki olaraq Rusiyanın bir hissəsidir. O, Ermənistan, Azərbaycan, Gürcüstan, Orta Asiya respublikalarını təhdid altında saxlayır. Amma Baltikyanı ölkələr onun siyahısından açıq-aydın kənardadır. Putin onların Rusiya İmperiyasının bir hissəsi olduğuna inanır. Ola bilsin ki, Mərkəzi və Şərqi Avropanın digər ölkələrində rusların “Rusiya İmperiyasının” bir hissəsi kimi görmək istədikləri ərazilər var”, - Bolton bildirib.

Share on Facebook