Təbrizli alim araşdırma apardı: AES Arazı məhv edir

Bəzi balıq nümunələrini analiz etmək məqsədilə çalışmalara başladıq. Nümunələri İranın Poldəşt bölgəsi və Araz su anbarı dediyimiz Naxçıvanla üz-üzə olan yerdən götürdük.

Bu sözləri Axar.az-a Təbriz Tibb Elmləri Universitetinin molekulyar tibb sahəsi üzrə professoru Möhsün Abbaszadə Araz çayı və ona yaxın ərazilərdə yaranan ekoloji problemlərlə bağlı aparılan müayinələrin nəticəsi haqqında danışarkən deyib.

O bildirib ki, çaya axıdılan çirkli sular bölgənin flora və faunasına ciddi şəkildə təsir edib:

“Balığın daxili orqanları və nəfəs yollarında histoloji müayinələr həyata keçirdik. Balıq nümunələrinin üst toxmalarında və qaraciyərində fəsadlar aşkar olundu. Bunun səbəbi suda olan ağır metallar və radioaktiv maddələr idi”.

Mütəxəssisin sözlərinə görə, balıqlar Ermənistan ərazində mövcud olan Metsamor AES-dən axıdılan kirli suya görə zərər görüb:

“Su kirliliyinin qaynağının tək səbəbi Ermənistan torpağında fəaliyyət göstərən Metsamor AES və bir neçə mis mədənidir. Çünki İranda bizim çalışdığımız bölgə Araz çayının başlanğıc nöqtəsi hesab olunur. O bölgədə hər hansı fabrik, mədən yoxdur”.

İstismar müddəti çoxdan bitən Metsamor AES-in təcili şəkildə qapadılmalı olduğunu deyən Möhsün Abbaszadə bildirib ki, əks halda insanlar və ətraf aləm bu stansiyanın mövcudluğundan əziyyət çəkməli olacaq:

“Biz Fukusima qəzasını unutmamalıyıq. Buradan böyük bir dərs almalıyıq. 1970-ci illərdə qurulan “Metsamor”un istismar müddəti 2016-cı ildə bitməli idi. Lakin AES-in fəaliyyəti 2036-cı ilə qədər uzadıldı. 1988-cı ildə Spitak zəlzələsindən sonra AES-in işi 7 il dayandırılsa da, ciddi zərər görən stansiya 1995-ci ildə yenidən fəaliyyətə başlayıb. İnsanlara və ekologiyaya zərər vuran AES və mis mədənləri barəsində ciddi ölçü götürülməlidir. Millət vəkilləri və İran Səhiyyə Təşkilatı Araz çayının ətrafında olan şəhərlərdə xərçəng xəstəliyinin daha çox yayıldığını qeyd ediblər. Su kirliliyinin aradan qaldırılmasının tək yolu Metsamor AES-in dərhal qapadılmasıdır. Ayrıca, orada fəaliyyət göstərən mis mədənləri də yoxlanmalı, tullantıları nəzarətdə saxlanmalıdır. Araz çayından mütamadi olaraq su analizləri götürülməlidir”.

Share on Facebook