Tanınmış şair Kəlbəcərin mineral sularından səliqəsiz istifadə edilməsindən yazdı

Əslən Kəlbəcərdən olan tanınmış şair Elşən Əzim Kəlbəcərin mineral sularından olan İstisudan səliqəsiz və lazımsız şəkildə istifadə edən insanlar haqqında yazaraq, həmin yerlərdə qayda-qanun yaradılmasını istəyir. 

Elşən Əzimin fikirlərini təqdim edirik:

Kəlbəcərin Zülfüqarlı kəndi yaxınlığındakı İstisu bulağından kortəbii şəkildə istifadə olunur. Bu su da içməli və müalicəvidir. İşğaldan əvvəl bulağın ətrafında vanna üçün kiçik kupelər tikilmişdi, vanna qəbul edənlər ordan istifadə edirdilər. Suyun çıxdığı yerdən isə içmək üçün istifadə olunurdu. İşğaldan sonra ermənilər suyun çıxdığı yerdə hovuz düzəldərək bulağın gözündən çimmək üçün istifadə etmişlər. Həmin hovuz isə suyun tərkibindəki mineralların yaratdığı ərp nəticəsində daha da dərinləşib. İndi oraya gedənlər soyunub özlərini hovuza atırlar. Sutkanın böyük bir hissəsində o bulağın gözündə ədəbsizcəsinə, qışqıra-qışqıra çimən adamların ucbatından oradan su götürmək, içmək, qadınların ora yaxınlaşması mümkün deyil. Qeyd edim ki, orada çimənlərin çoxu müalicə məqsədiylə deyil, kirini tökmək üçün çimir. Hətta sabundan istifadə edənləri də gördüm. Deyilənə görə çimənlərin əksəriyyəti orda fəaliyyət göstərən şirkətlərin işçiləridir. Şirkətlər o boyda çayların, su mənbələrinin yanında işçisinə hamam tikə bilmirsə, heç olmasa həmin istisu mənbəyinin yanında hamam tiksinlər, və o sudan çəkərək işçilərinə və digər çimmək istəyənlərə şərait yaratsınlar. Bulağın gözü isə yenə də əvvəlki kimi içmək üçün istifadə olunsun. 

Mən bir Kəlbəcər sakini olaraq əlaqədar təşkilatlardan bu məsələyə diqqətli olmalarını istəyirəm. Doğrudur, ərazidə tikinti-quruculuq işləri gedir, gələcəkdə hər şey öz həllini tapacaq, ancaq indidən insanlarda belə bir fikir formalaşıb ki, guya Zülfüqarlı istisuyu içməli və müalicəvi deyil. Bildirirəm ki, bu istisu da digər məşhur istisu bulaqları ilə eyni tərkiblidir. Yalnız Bağırsaq ərazisindəki fontan istisu tərkibinə görə içməli deyil.

Share on Facebook