Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.
Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Türkan Gündüzün öldürülməsinə dair Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Muhammet Gündüz barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkan Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub, əri isə biznesmendir.