“Bu yerdə Rəhmətlik Əbdürrəhim Haqverdiyevin “Marallarım” silsiləsindən “Mütrüb dəftəri” hekayəsində Qasım əminin dilindən yazdığı məşhur cümlə yadıma düşdü:“Buna araba ilə dovşan tutan rus deyərlər...”
Bir neçə gündən sonra Xankəndində 3 “yaş”ını “təntənə” ilə qeyd edəcəyimiz Rusiyanın “sülhməramlı” kontingenti Azərbaycan ordusunun 23 saatlıq məşhur lokal əməliyyatından sonra bir müddət özlərinin həmin 3 il ərzində erməni separatçı-terrorçularına verdikləri silah-sursat və texnikanı anbarlara toplayıb bir aya yaxın onlara mühafizlik etdikdən sonra onlardan da özlərinin texnika və silahlarının gözünə qatıb təmir adıyla harasa yolladılar.
Moderator.az-ın Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla apardığı son araşdırmadan bəlli olub ki, bu günlərdə arada bir yol polisi funksiyasını yerinə yetirmiş möhtərəm “sülhməramlı”lar artıq bir həftəyə yaxındır ki, “Azərenerji” və “Azərişıq” əməkdaşları ilə birgə keçmiş Dağlıq Qarabağ ərazisində elektrik enerjisi xətlərinin bərpası və ya yenidən çəkilməsi ilə məşğuldurlar. Başqa sözlə, keçmiş sovet(!) xalqının(!) dili ilə desək, “montyorluq” edirlər...
P.S. Bu yerdə rəhmətlik Əbdürrəhim Haqverdiyevin “Marallarım” silsiləsindən “Mütrüb dəftəri” hekayəsində Qasım əminin dilindən yazdığı məşhur cümlə yadıma düşdü: “Buna araba ilə dovşan tutan rus deyərlər...”
Sultan Laçın