Bu gün Şəmkirin Kür qəsəbəsində adına olan məktəbdə Azərbaycan Milli Qəhrəmanı, Ahıska türkü, Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndər Aznaurovun büstünün restavrasiyadan sonra açılışı oldu. Çoxları danışdı, çox şeylərdən danışdılar, ən az danışılan isə İsgəndər Aznaurovun döyüş yolu oldu. Əlbəttə ki, bunun üçün gərək qəhrəmanın döyüş yolu haqqında qabında nəsə olsun ki, söz deyə biləsən. Söz deyə biləcək, onunla qanlı döyüşlərdə iştirak etmiş, onun qanlı nəşini döyüş gedən ərazidən çıxarmış insanlara söz verilmədi. Tədbirdə İsgəndər Aznaurovun Dilgam Aliev başda olmaq şərti ilə 15-ə yaxın silahdaşı iştirak edirdi. İsgəndər Aznaurovu baş tacı edirmiş kimi görünən insanlar, tədbir iştirakçıları, rayon rəhbərliyi başqa şeylər haqqında danışmaq, başqalarını göyə qaldırmaq yadlarına düşdü, söz vermək yadlarına düşdü amma İsgəndərin canlı döyüş yoldaşları, bir sözlə İsgəndərin ruhu olan adamları görməməzlikdən gəldilər. Daha heç bir söz deməyəcəyəm. Sizi İsgəndərin nigaran ruhu ilə baş-başa buraxıram.
Ceyhun Nəbi