“Şuşanın bu tarixi kəndinin qəbiristanlığını şumlayıb yerində taxıl əkiblər...”

"Bizim ata evimiz Malıbəylinin mərkəzindəki məscidin, təxminən, 20 metrliyində idi... Möhkəm, qala kimi ev idi. Divarının qalınlığı 80 sm idi. 8 otaqlı idi... İzi-tozu da qalmayıb...”

Azərbaycan ordusunun Qarabağdakı son əməliyyatı zamanı Şuşa rayonunun dogma Malıbəyli kəndini bələdçi və döyüşçü kimi ziyarət edə bilmiş tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Azay Kərimov Moderator.az əməkdaşı ilə bu dəfəki söhbətində düşmənlərimizin Şuşanın bu qədim kəndində törətdiyi vandallıqlardan bəhs edib.

- Azay bəy, yəqin ki, Malıbəyli qəbiristanlığını darmadağın ediblər? Bəs salamat ev qalıbmı?

- Malıbəylinin, Şuşanın bu tarixi kəndinin qəbiristanlığını şumlayıb yerində taxıl əkiblər. Bir qəbir də qalmayıb... Düşmən Xankəndi yaxınlığında yerləşən kəndimizi də, demək olar ki, şumlayıb. Dəhşətli bir mənzərədir... 

Amma evləri, məktəbi, klubu və s.  dövlətimizin sayəsində bərpa edəcəyik, inşallah... Məni bir Malıbəyli sakini, bir Azərbaycan vətəndaşı kimi mənəvi baxımdan ən çox yandıran  kəndimizdəki qədim məscidlərin ermənilər tərəfindən üçünün də yerlə-yeksan edilməsidir. Onlar XVI-XVII əsrlərə aid tarixi abidələr idi. Bu məscidlərin üçünü də Şuşadakı məşhur məscidləri tikən eyni memar tikmişdi. Onların arxitektor quruluşu, tikiliş üslubu ilə Şuşadakı ibadətgahlarımızla eyni idi. Həmin məscidlərdən ikisinin, ümumiyyətlə bünövrələri də yox edilib. Gözümlə gördüm... Birinin isə yalnız uçuq divarları qalıb. Bunları yaşayış evlərinin xarabalıqlarıyla yanaşı, təcili lentə alıb bütün dünyaya nümayiş etdirmək gərəkdir ki, baxın, əsil etnik təmizləmə, soyqırımı belə olur. Bu günlərdə Qarabağdan könüllü olaraq Ermənistana gedən ermənilərin birinin burnu qanayıbmı, birinin evi, mənzili yandırılıb, buldozerin qabağına verilib uçurulub-dağıdılıbmı? Xeyir. Amma bizi həm avtomat, tank qabağına qatıb çıxardılar, amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, işgəncə verdilər, həm də yurd-yuvalarımızı, məscidlərimizi yerlə yeksan etdilər ki, nə vaxtsa Qarabağ torpağında yaşadığımız bilinməsin. Əsil etnik təmizləmə, soyqırımı, bax, budur. Qoy, bilsin və görsün, bütün beynəlxalq təşkilatlar, bütün bəşəriyyət...

-Öz ata evinizin yerini tapa bildinizmi, heç olmasa?

- Bizim ata evimiz Malıbəylinin mərkəzindəki məscidin, təxminən, 20 metrliyində idi... Möhkəm, qala kimi ev idi. Divarının qalınlığı 80 sm idi. 8 otaqlı idi... İzi-tozu da qalmayıb. Bünövrəsini də söküb-aparıblar...

- 2020-ci ilin 44 günlük savaşı bitdikdən bir neçə ay sonra, məlumat yayıldı ki, hazırda artıq Bakıda DTX türməsində yatan separatçıbaşı Araik Arutyunyan Malıbəyli ərazisində Şuşa və Hadrutdan köçmüş hayları köçürmək üçün binalar tikdirir. Doğrudan da orada yeni binalar tikilibmi?

- Xankəndi ilə Malıbəylinin arasından Qarqar çayı keçirdi. Ermənilər yeni binaları kəndimizin ərazisində, amma təxminən 1 km aralıda Qarqarın sahilində Xankəndiyə çox yaxın yerdə tikiblər... Özü də əsasən 1988-1989-cu illərdə Bərdədəki tikinti idarələrindən birinin Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımız üçün tikdiyi binaları bərpa ediblər. Özləri az sayda yeni bina tikib...

Share on Facebook