“Şoyqunun sözündən belə çıxır ki, Rusiya, doğrudan da, Qarabağda hərbi baza yaratmaq yolunu tutub...”

“Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir...”

“Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər...”

“Təbii ki, bütün idman oyunları kimi “Qarabağ” komandasının Xankəndindəki oyunu da bir şou idi. Ancaq Rusiyanın Qarabağdakı oyunlarına gəldikdə, hesab edirəm ki, həmin oyunlar nəinki bitmək üzrədir, hətta yeni fazaya keçməkdədir”. 

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının bir neçə gün öncə öz köşəsində qoyduğu “Xankəndində futbol da oynadıq, bəs Rusiyanın Qarabağdakı oyunları bitdimi?” sualını cavablandırarkən ifadə edib.

“Biz bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqunun dilindən 2020-ci ilin noyabrından “sülhməramlı” kimi  Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin “sülhməramlı” olması haqda bir ifadə də eşitmədik. Amma Rusiya rəsmisi həmin kontingenti “Rusiya hərbi qüvvələri” adlandırdı. Belə çıxır ki, Rusiya doğrudan da,  Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində bizim də ehtimal etdiyimiz və təəssüflə qeyd etdiyimiz hərbi baza yaratmaq yolunu tutubdur. Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər. Hər şey, hər bir əməl, hər bir addım onun adının dəyişdirilməsindən başlayır. Və Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir. Bu, o deməkdir ki, Moskvanın həmin hərbi qüvvələri hələ yaxın illərdə Azərbaycan torpağında qalacaqdır. Və mən düşünürəm ki, Rusiyanın bu oyunu davam edir və təəssüf ki, bu, Azərbaycanın xeyrinə yox, ziyanınadır...”, - deyə analitik vurğulayıb.

Share on Facebook