"Şiddət və zorakılıq görən uşaqlar ailələrdən alınmalıdır"

"Son zamanlar məktəblərdə baş verən olaylarda ancaq məktəbi və müəllimi günahlandırmaqla üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində olmamışıq. Məhz bunun təzahürüdür ki, artıq valideyinlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu hadisələri törədən uşaqların valideyinlərini axtarmır, ictimai qınağa çəkmirlər. Nəticədə özündən razı, heç bir məsuliyyət daşımayan valideyn kütləsi yetişir. Onlar bilirlər ki, övladları ilə bağlı istənilən halda məktəb və müəllim günahkar çıxarılacaq".

Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O hesab edir ki, cəmiyyət olaraq valideyn məsuliyyəti ilə bağlı mövqe nümayiş etdirməliyik:

"Hər bir valideyn övladına, onun təlim-tərbiyəsinə görə məsuliyyət daşıyır. Həmişəki kimi, bir neçə ay öncə çəkilmiş video sosial şəbəkədə paylaşıldıqdan sonra günahkar axtarışında olanlar yenə də məktəbi və müəllimi hədəfə almağa davam edirlər. Tərbiyəyə təsir edən 3 əsas amil var - ailə, məktəb və mühit. Son 10-15 ildə yeni, çox ciddi bir amil ortaya çıxıb ki, bu da internetdir. Bu amil digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir edir. Çünki bu amilin gücünü artıran həm subyektiv, həm də sosioloji amillər günü-gündən artmaqdadır”.

E.Qafarov bildirib ki, valideyinlər bir çox hallarda borca girib və ya kreditə övladlarına, xüsusilə qızlara "ağıllı telefon"lar alır:

"Uşaq yuxarı sinifə keçdikcə bu telefonların qiyməti və markası daha bahalısı ilə əvəz olunur. Amma valideynlər övladının bu telefonlardan istifadəsinə nəzarət etməyi nədənsə ağıllarına belə gətirmirlər. Telefon artıq məktəbdə imic məsələsinə çevrilib. Baxmayaraq ki, "ağıllı telefon"larda valideyin nəzarəti bölməsi var. Amma bu funksiya valideyinlərə maraqlı deyil. Bir çox hallarda valideyinlərin gizli həyatı olur. Övladların onların telefonu vasitəsi ilə bu gizli həyatdan xəbər tuturlar. Nəticədə valideynlərin övladlarına təsir imkanı sıfıra enir”.

Ekspert qeyd edib ki, 156 nömrəli məktəbdə bullinqə məruz qalan qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər:

"Ola bilsin ki, həmin qız evdə də şiddətə məruz qalır və şiddəti normal qəbul edəcək qədər travma alıb. Belə uşaqların sayı o qədər çoxdur ki... Nə qədər ki ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssələrinə verilməyəcək, bu halların sayı da artacaq. Görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompramat var və bu kompramat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır. Hər bir halda bu, sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğunu görünür. Baş verən hər bir hadisəyə ciddi yanaşmalıyıq ki, gələcəkdə onların təkrarlanmasının qarşısını ala bilək”.

Elşən Qafarovun sözlərinə görə, bu kimi hadisələrin baş verməməsi üçün ilk növbədə rayon icra hakimiyyətlərinin humanitar şöbələri yanında yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə komisiyanın fəliyyəti genişləndirilməli, bu komissiyaya təcrübəli şəxslər təyin olunmalıdır:

"Valideyinlər tərəfindən şiddət və zorakılıq görən, o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməlidir. Şiddət və zorakılıq göstərən valideyinlər valideyinlik hüququndan mərhum edilməlidir. Ümumi təhsil müəssəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayət edənlər üçün rəğbətləndirmə və etməyənlər üçün isə cəza sistemi müəyyən edilməlidir. “Məktəblinin dostu” layihəsini mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərinə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir”.

Share on Facebook