Şəhid anasının uçuq evi – “Aldığımız təqaüdü də oduna məsrəf edirik”

Tovuz rayonunun Pələkli kənd sakini, Vətən müharibəsi şəhidi Aqil Əliyevin qardaşı Anar Əliyev ailəsinin acınacaqlı durumu ilə bağlı KONKRET.az-a şikayət ünvanlayıb.

Onun sözlərinə görə, anası Əliyeva Kübrə Tovuzun ucqar kəndində yaşayır və mənzil şəraiti çox acınacaqlıdır: “Anamın himayəsində iki qüsurlu övladı var. Adına isə heç bir ev yoxdur və müvəqqəti mənzildə yaşayır. Hətta yaşadığı mənzildə təbii qaz da yoxdur, odundan istifadə edirik. Odun isə çox bahadır. Şəhid oğlunun adına aldığı təqaüdü də elə oduna və xəstələrə məsrəf edirik”.

Şikayətçi anasına və xəstə bacı-qardaşına özünün baxdığını, bütün yükü çiyinlərində daşıdığını deyir:

“Hazırda yaşadığımız ev qohum evidir və çox bərbaddır. Heç bir şəraiti yoxdur. Ev o qədər köhnədir ki, qapı-pəncərəsi, damı-bacası, daşı-divarı ovulub tökülür. Hökumətin verdiyi birdəfəlik məbləği də bu evə xərclədik ki, bir az abadlaşsın, lakin burada daimi yaşamağımız qeyri-mümkündür”.

A.Əliyev hazırda ən böyük problemlərinin evlə bağlı olduğunu vurğulayaraq, bununla əlaqədar dəfələrlə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova müraciət etdiyini dilə gətirib: “Anamın evlə təmin edilməsilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, amma nəticəsi olmayıb. Sanki mənim qardaşım Vətən üçün şəhid olmayıb, biz də şəhid ailəsi deyilik”.

“Bizim kəndin 4 şəhidi var. Onlardan ikisi Birinci Qarabağ, ikisi isə Vətən müharibəsində şəhid olub. Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri evlə təmin olunub, Vətən müharibəsinin şəhidləri isə yox. Ev növbəsinə dayansaq da, 18-ci adamıq. Əlaqədar qurumlardan xahiş edirəm ki, ailəmizin evlə təmin olunmasında bizə öz köməkliklərini əsirgəməsinlər. Axı şəhid anası belə acınacaqlı şəraitdə yaşamamalıdır”, – deyə şəhidin qardaşı əlavə edib.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Fərmanzadə bildirdi ki, şəhidin anası mənzil növbəsinə götürülüb: “Ailədən şəhidin atası rəhmətə getdiyi üçün status sahibi anasıdır. Və ana Tovuz rayon İH tərəfindən sərəncama uyğun olaraq mənzil növbəsinə götürülərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə müraciət ünvanlanıb. Şəhidin qardaşına da dəfələrlə izah olunub ki, ev tikmək bizim səlahiyyətimizdə deyil.

Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov isə bildirib ki, şəhidlərimizin ailə üzvləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda, qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər: “Şəhidimiz Aqil Əliyevin anası Kübrə Əliyeva Tovuz Rayon İcra Hakimiyyətində 22.02.2021-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb. Onun üçün fərdi evin tikintisi məsələsinə növbəlilik qaydasında baxılacaq”.

Qeyd edək ki, şəhid Aqil Faiq oğlu Əliyev Vətən müharibəsində şəhid olub. O, 2020-ci il oktyabrın 15-də Suqovuşan ətrafında gedən döyüşlərdə 21 yaşında şəhidlik zirvəsinə ucalıb. Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda” medalı ilə təltif olunub.

af63871f3fa00ea222a0030fd0180852.jpg

1161a5fbb59819f5a7f2ae3d0e35f282.jpg

0b8bc42b913ec88bd7531c89724549ff.jpg

3233b7a9e5eab45c63fd44ba883283ba.jpg

Share on Facebook