Dekabrın 22-də özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan İrəvanda separatçı rejimdə könüllülük əsasında “vəzifə” tutmaqda davam edən “rəhbərlərlə” görüşüb.
Sozcu.az-ın məlumatına görə, bu barədə İrəvandakı “Artsax İnformasiya Qərargahı” məlumat yayıb.
Görüşdə Qarabağdan köçmüş ermənilərin problemləri müzakirə edilib, onların həlli üçün tövsiyələr verilib.
Şahramanyan işlərin 2024-cü ildə də davam etdirilməsinin zəruriliyini vurğulayıb, Xankəndidən qaçmış “mer” və rayon administrasiyalarının “rəhbərlərinə” erməni köçkünlərin problemlərinin inventarlaşdırılmasını davam etdirməyi və mütəmadi olaraq qondarma “hökumətə” təqdim etməyi tapşırıb.
Maraqlıdır ki, Samvel Şahramanyan görüşdə verdiyi növbəti açıqlama ilə tüpürdüyünü yalayıb.
Belə ki, o, özünün imzaladığı və geniş müzakirəyə səbəb olan 28 sentyabr sərəncamına istinad edərək vurğulayıb ki, qondarma “Artsax”ın hüquqi sahəsində “dövlət institutlarının” ləğvini nəzərdə tutan heç bir sənəd yoxdur.
Xatırladaq ki, bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirib. Nəticədə Qarabağdakı separatçıların yaratdıqları qondarma “Artsax” rejimi təslim olaraq üzünü buraxdığını elan edib. “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 28-də sərəncam imzalayıb. Orada deyilir:
“2024-cü il yanvarın 1-dək “Artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax respublikası”nın mövcudluğu dayandırılsın".modern)