Şagirdin güllələdiyi müəllim evə buraxıldı

“İdrak” liseyində şagirdin güllələdiyi müəllim Şəhla Kamilova xəstəxanadan evə buraxılıb.

Bu barədə Sozcu.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) fevralın 16-da ambulator müalicə üçün evə buraxılıb.

“Ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş silahlı insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Yaralı müəllim Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Aparılan diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkarlanıb. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şagird barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Share on Facebook