“Rusiyanın Ukraynada dövlət çevrilişi etmək imkanları yetərli deyil...” -Ərəstun Oruclu

“Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı  2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər...”

“Kremlin Ukraynada kifayət qədər resursları var.  Mən Ukrayna informasiya resurslarını ciddi izləyirəm. Və gəldiyim qənaət ondan ibarətdir ki, onların bəlkə də yarısından çoxu Rusiya tərəfindən idarə olunan, Rusiya tərəfindən dəstəklənən və Kremlin maraqlarına xidmət edən informasiya resurslarıdır. Bəs Ukrayna hakimiyyətinin daxilində Rusiyanın təsir imkanları varmı? Zənnimcə, var. Hətta orduda da var. Və onu da nəzərə alaq ki, sovet dövründə Ukrayna Rusiyaya digər postsovet ölkələrindən bir köynək yaxın olub”.

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının “Bu günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi növbəti dövlət çevrilişinə cəhd ssenarisinin qarşısını aldı. Necə hesab edirsiz, hazırkı durumda Kremlin Kiyevdə dövlət çevrilişinə nail olmaq üçün yetərli imkan və resursları varmı?” sualını cavablandırarkən ifadə edib. 

“O vaxtlar Moskvada Ukraynaya etibar da, güvən də daha yüksək olub. Ukraynanın nümayəndələri SSRİ rəhbərliyində daha yüksək vəzifələrdə təmsil olunurdular. Bilirsiz ki, sırf etnik ukraynalı olmasa da, Ukraynadan olan Brejnev sovet dövlətinin rəhbəri olub. Çoxlu misallar gətirmək olar. Stalindən sonra Xruşşov Ukraynadan gəlib SSRİ-yə rəhbərlik edib. Belə amillər də onu deməyə əsas verir ki, Rusiyanın Ukraynada xeyli resursları var. Amma bu resurslar Kreml üçün Ukraynada dövlət çevrilişi həyata keçirməyə kifayət edirmi? Zənnimcə, yox. Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı  2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər.

Digər tərəfdən, unutmayaq ki, Uktraynanın NATO müttəfiqləri arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və s. kimi dövlətlərin xüsusi xidmət orqanları da bu dövrdə mürgüləməyiblər, onlar da Ukraynanın təhlükəsizliyi üçün müəyyən fəaliyyət göstərib, bu istiqamətdə hansısa konkret addımlar atıblar. Onlar da Ukrayna xüsusi xidmət orqanlarına Rusiya agentura şəbəkələrinin aşkarlanmasında, zərərsizləşdirilməsində xeyli kömək göstəriblər. Yəni bu yalnız ehtimal deyil, bu, əməkdaşlığın müəyyən bir zəruri istiqamətidir. Bir sözlə, bütün bu deyilənlər baxımından düşünürəm ki, Rusiyanın Ukraynada dövlət çevrilişi etmək imkanları kifayət qədər məhduddur. Və deyərdim ki, yetərli deyil...”, - deyə davamında ekspert vurğulayıb.

Share on Facebook