Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb.
Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü haqda əvvəlki qərarını dəyişib.
Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılmışdı. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv etmiş, Məmmədova 7 il 6 ay həbs cəzası vermişdi.
Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti verib. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş edilib.
Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.