“Rus komandirlər əmrləri yerinə yetirməkdən boyun qaçıran əsgərləri güllələyir, həmçinin geri çəkilməyə cəhd etsələr, bütün bölmələri gülləbaran edəcəkləri ilə hədələyirlər”.
Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi keçirdiyi brifinqdə danışıb.
ABŞ rəsmisinin sözlərinə görə, Rusiya öz əsgərlərinin həyatına biganəlik nümayiş etdirməkdə davam edir: “Biz son vaxtlar rusların hərbi itkilərinin minlərlə olduğunu, hətta onların bəzilərinin öz komandirlərinin əmri ilə edam edildiyini bilirik”,-deyə Kirni qeyd edib.
Ağ Evin sözçüsü Rusiyanın yeni səfərbər edilmiş qüvvələrini keçən ilki uğursuz qış hücumu zamanında olduğu kimi hələ də zəif təchiz edilmiş və hazırlıqsız olduğunu söyləyib. “Görünür, Rusiya ordusu hələ də “insan əti” adlandırdıqları taktikadan istifadə edir və sadəcə olaraq bu zəif təlim keçmiş əsgərlərin kütləsini müvafiq texnika, komandanlıq olmadan, resurslar, dəstək olmadan döyüşə atırlar",- Kirbi bildirib.
Ağ Evin yüksək rütbəli rəsmisi Rusiyanın Avdeyevka, Liman və Kupyansk əraziləri də daxil olmaqla bir neçə istiqamətdə yeni hücumunun onlar üçün “gözlənilməz olmadığını” söylədi. “Prezident Putin Ukraynanı fəth etmək fikrinə hələ də sadiqdir və biz Ukraynaya öz ərazisini müdafiə etmək üçün lazımi vasitələrə verəcəyik”, – deyə Kirbi bildirib.
Kirbinin sözlərinə görə, oktyabrın 11-də Rusiya bu hücum zamanı Avdyevka ərazisində azı 125 zirehli texnika və bir batalyondan çox maşın da daxil olmaqla, əhəmiyyətli itki verib. Bununla bərabər ABŞ Rusiyadan yeni hücumların olacağını gözləyir. "Bu dinamik münaqişədir və biz yadda saxlamalıyıq ki, Rusiya hələ də bəzi hücum imkanlarını saxlayır və yaxın aylarda bəzi taktiki nailiyyətlər əldə edə bilər", - deyə Ağ Ev rəsmisi etiraf edib.