“Ermənistan Rusiyanın vasitəçiliyinə, hətta KTMT çərçivəsində əməkdaşlığa da qarşıdır”.
Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.
Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığa gəlincə, Ermənistan hakimiyyəti ordunun döyüş hazırlığını artırmaq üçün hər şeyi etməyə çalışdığını və bu məqsədlə imkan daxilində silah almağı planlaşdırdığını iddia etsə də, Qriqoryan Rusiyadan yeni silah almayacaqlarını bildirib. Təhlükəsizlik Şurasının rəhbəri Moskva ilə İrəvan arasında silah tədarükünə dair yeni razılaşmalar barədə məlumatları təkzib edib. Qriqoryan Ermənistanın aldığı silahlarla bağlı sual verən jurnalistə etirazını bildirərək deyib ki, bu barədə açıq danışılmamalıdır.
Qriqoryanın müsahibəsində ən maraqlı məqam danışıqlar prosesində müəyyən problemlərin olduğunu etiraf etməsidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi prosesində geriləmə müşahidə edildiyini desə də, hakimiyyət ictimaiyyəti sülh sayəsində Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təmin edə biləcəyinə inandırmaqda davam edir: “Sülh müqaviləsi, ilk növbədə, regionda Ermənistan və Azərbaycan arasında birgəyaşayış imkanlarına aiddir və nə Ermənistan, nə də Azərbaycanın bir-birinə qarşı ərazi iddiası var. Bu, müqavilənin imzalanması üçün vacib şərtdir və Ermənistan bu istiqamətdə irəliləyir”, – deyə Qriqoryan bildirib.