ABŞ, Cənubi Koreya və Yaponiya Rusiya və Şimali Koreya arasında mümkün silah sazişinə qarşı sərt tədbirlər görməyə qərar veriblər.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi nazir Park Cinin Nyu-Yorkda Yaponiyanın xarici işlər naziri Kamikava Yoko və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüyünü açıqlayıb.
Görüş zamanı nazirlər Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfərini və Moskva ilə Pxenyan arasında mümkün silah sazişi ilə bağlı narahatlıqların artdığı bir vaxtda onun prezident Vladimir Putinlə görüşünü müzakirə ediblər.
Rusiya və Şimali Koreya arasındakı hərbi əməkdaşlıqdan dərin narahat olduqlarını bildirən nazirlər iki ölkə arasında mümkün silah sazişinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozacağı ilə bağlı xəbərdarlıq ediblər.
Nazirlər Moskva və Pxenyan arasında mümkün silah sazişinə qarşı sərt tədbirlər görməyə qərar verdiklərini və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq regional təhlükəsizliyə qarşı yönələn hər hansı təhdidlə qətiyyətlə mübarizə aparmaq üçün qlobal ictimaiyyətlə əməkdaşlığa sadiq olduqlarını açıqlayıblar.
Xatırladaq ki, Kim sentyabrın 13-də Rusiya prezidenti Putinlə görüşüb. Kim Çen Inla danışıqları "məhsuldar" adlandıran Putin bölgədəki vəziyyət və ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.(musavat.com)