“Putin rejiminə, onun müttəfiqlərinə qarşı adekvat addımlar atılmayıınca belə qətllər Rusiya hüdudlarından kənara çıxacaq...”

“Təəssüf ki, Qərb bunların qarşısında aciz qalıb. Niyə acizdir? Ona görə ki, Qərbdə belə siyasi sifarişli qətllər törətmək mexanizmi olduqca mürəkkəbdir...”

“Putin Navalnını öldürməklə hər tərəfə: həm ölkə daxilindəki, həm xaricdəki opponentlərinə ciddi mesajlar verdi...”

“Təbii ki, Aleksey Navalnının ölümü qətldir. Bu, birmənalı şəkildə belədir. Və mən bu barədə öz ehtimallarımı bölüşmək istərdim. İndi bu olay ətrafında müxtəlif versiyalar səsləndirilir. Və maraqlıdır ki, yalnız Rusiya daxilində deyil, ölkədən kənarda olan müxalifət nümayəndələri belə, hansısa fikir söyləməkdən çəkinirlər. Bu da onu göstərir ki, cinayətkar Putin rejimi elə bir mühit yaradıb ki, onun opponentləri hətta xaricdə ola-ola bu rejimin cinayət törətməsi haqda fikir söyləməkdən ehtiyat edirlər”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında Rusiya müxalifətçisi A.Navalnının həbsxanada həlak olmasına münasibət bildirərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

“Hesab edirəm ki, Navalnının öldürülməsi ilk növbədə Rusiyanın siyasi elitasının daxilində gedən proseslərin nəticəsidir. Məsələ burasındadır ki, Rusiyada real müxalifət yoxdur. Hətta Navalnının özü də Rusiya daxilində yetərincə gücə, nüfuza malik lider deyildi. Faktiki olaraq onun siyasi təşkilatı, partiyası yox idi. Yalnız korrupsiyaya qarşı mübarizə fondu vardı. Özü siyasətçi kimi cəsarətli və qətiyyətli idi. Eyni zamanda Rusiya əhalisinin müəyyən kəsimi arasında populyar idi. Söhbət ondan gedir ki, Rusiya hakimiyyətinin daxilindəki hansısa qruplar Navalnıdan lider kimi istifadə edərək Putinə qarşı təhlükə törədə bilərdi. Bu halda Putin seçki ərəfəsində və ya seçkidən sonra Putini sıradan çıxara bilərdilər”, - deyə analitik davamında bildirib.

Həmsöhbətimiz Navalnının ölümündə Putinin birbaşa əli olmasına əminliyini ifadə edərək həmin qətllə Rusiya liderinin öz opponentlərinə vermək istədiyi mesajlardan da bəhs edib.

“Eyni zamanda düşünürəm ki, Putin Navalnını öldürməklə hər tərəfə: həm ölkə daxilindəki, həm xaricdəki opponentlərinə ciddi mesajlar verdi. Birincisi, bununla nümayiş etdirdi ki, “Mən qətiyyətliyəm və yolumda maneə olanları öldürməkdə davam edəcəm. Mən hakimiyyəti heç kəsə verməyəcəm və kim hakimiyyətimə qarşı çıxacaqsa, onu öldürtdürəcəm”... Və bu saat Putin rejimi tərəfindən Navalnının ölümü barədə bir çox yanlış versiyalar səsləndirilir. Guya seçki ərəfəsində Navalnının ölümü ən çox Putinə lazım deyildi. Bax, bu Rusiyada belə situasiyalarda daim ortaya atılan yalançı bir versiyadır. Boris Nemtsov öldürüləndə də belə bir versiyaya atıldı ortalığa; dedilər ki, guya bu, Putinə sərf etmir, düz onun pəncərəsinin altında qətlə yetirilib. Lakin sonradan məlum oldu ki, onu məhz Putin öldürtdürüb. Jurnalist Anna Politkovskaya qətlə yetiriləndə də eyni versiya səsləndi... Və s. İndi də dediyim kimi, eyni üsula əl atırlar. Amma mən əminliklə deyirəm ki, Navalnını Putin öldürtdürüb... Və bu, bütün kriminal rejimlərin dəst-xəttidir...

Navalnının qətli ilə verilən ikinci mesaj ondan ibarətdir ki, Putin artıq bütün demokratik dünyanı təhdiq edir: sabah o başqa ölkələrin də liderlərini, siyasətçilərini qətlə yetirdə bilər. Və hazırda belə şeylərin də olması mümkündür. Stalin dövründə də bu cür olaylar olub. Və yaxud SSRİ-nin Çexoslavakiyaya, Polşaya, Macarıstana, Əfqanıstana hücumunu da misal çəkə bilərik. Bu dövr mahiyyətcə o dövrdən heç nə ilə fərqlənmir. Putin rejimi və onun satelliti, müttəfiqi olan bütün rejimlərin hamısı cinayətkar, qatil rejimlərdir. Təəssüf ki, Qərb bunların qarşısında aciz qalıb. Niyə acizdir? Ona görə ki, Qərbdə belə siyasi sifarişli qətllər törətmək mexanizmi olduqca mürəkkəbdir. Yəni söhbət, məsələn, Rusiyanın hakimi siyasətçilərinə qarşı cavab tədbirləri görmək. Bu isə onunla bağlıdır ki, ABŞ-da, Avropada hüquqi və siyasi mexanizmlər bu cür əməllərə yol vermir. Fərdi məsuliyyət, hakimiyyət məsuliyyəti məsələsi var. Amma hər bir halda artıq Putin rejiminə, onun müttəfiqlərinə qarşı adekvat addımlar atılmayıınca bu qətllər doğrudan da Rusiya hüdudlarından kənara çıxacaqdır”,-deyə ekspert vurğulayıb.

Share on Facebook