Özəl bağçalarda fantastik qiymətlər: "Sanki uşaqlara Eynşteyn dərs keçir" — ARAŞDIRMA

Uşaq bağçaları azyaşlıların əqli, fiziki, yaradıcı potensialının və şəxsi ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır.

Bu səbəbdən valideynlər yeni tədris ilində azyaşlı övladlarını bağçaya qoyarkən qarşısında iki əsas seçim olur: dövlət bağçaları və özəl bağçalar.

Azərbaycanda dövlət bağçaları pulsuzdur. Lakin çox vaxt bu müəssisələrdə yer çatışmazlığı olur. Özəl bağçalara üz tutan valideynlər isə ağlasığmaz qiymətlərlə qarşılaşırlar.

Bakupost.az Bakıda yerləşən özəl bağçalarda qiymətlərlə bağlı araşdırma aparıb.

Araşdırma zamanı aydın olub ki, özəl bağçalarda gündə 4 və ya 5 dəfə qidalanmaq, dil qrupları, əyləncəli və öyrədici oyunlar, idman, rəsm, şahmat və musiqi dərsləri keçirilir. Həmin bağçalarda təhlükəsizliyə nəzarət yüksək səviyyədədir. Özəl bağçalarda valideynlərə övladının günlük fəaliyyətini canlı izləmək imkanı yaradılır. Araşdırmamız göstərdi ki, özəl bağçalarda ən aşağı qiymət 350 manatdan başlayır.

Məsələn, “Zümrüd” özəl uşaq bağçasında Azərbaycan, rus və ingilis dilində tədris təklif olunur. Azərbaycan dili bölməsinin aylıq ödənişi 550 manatdır.

Rus dili qrupunun 600, ingilis dili qrupunun isə aylıq ödənişi 700 manatdır.

“Yaşıl ada” uşaq bağçasında tələbat olmadığı üçün Azərbaycan dili qrupu səhər saat 08:00-dan günorta saat 1-ə kimi fəaliyyət göstərir. (?) Rus dili bölməsi 750, ingilis dili bölməsinin aylıq ödənişi isə 800 manatdır.

“Neo Kids” özəl uşaq bağçasında da həftədə 5 gün olmaqla Azərbaycan və rus dili qrupları fəaliyyət göstərir və hər iki qrup üçün aylıq ödəniş 700 manat təşkil edir. İndilis dili bölməsi isə 750 manatdır. Baxçada uşaqlar üçün hovuz da fəaliyyət göstərir.

“Şəkər” uşaq baxçasında hər üç bölmə üzrə aylıq ödəniş 760 manat təşkil edir.

“Göyərçin” bağçasında isə rus bölməsi 550, ingilis bölməsi isə 600 manatdır.

“Erudit-M” uşaq bağçasında səhər 08:30-dan axşam 18:00-a qədər uşaqların təlim tərbiyəsi üçün aylıq ödənişin məbləği 500 manat təyin olunub.

“Tumurcuq” uşaq bağçasında isə bütöv gün 450 manat, yarım gün isə 320 manatdır.

“Play Arena” özəl bağçasında bütöv gün 400, yarım gün isə 250 AZN təşkil edir.

“İnci balalar” uşaq bağçasında Azərbaycan və rus bölmələri üçün ödəniş 350 manat, ingilis dilli bölməsi üçünsə 450 manatdır.

“Albalı” uşaq bağçasında gündə 5 dəfə yemək verilir. Bağçada Azərbaycan, rus və ingilis dili tədris olunur. Bildirildi ki, hazırda yay rejimi olduğuna görə uşaqlara əyləncəli proqramlar keçilir. Səhər saat 08:00-dan axşam saat 18:00-a qədər 350 manat, müvafiq olaraq günün birinci hissəsi saat 1-ə kimi 200 manat, saat 3-ə qədər isə 250 manat ödniş 1təyin olunub. Sentyabrdan məktəbəqədər dərslərə isə əlavə heç bir ödəniş tələb olunmur.

Göründüyü kimi, özəl bağçalarda qiymətlər əksər valideynlər üçün əlçatan deyil. Bəs, qiymətlərin bu qədər baha olması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi statistikaya görə ölkədə 1825 dövlət bağçası, 133 özəl bağça fəaliyyət göstərir.

Onun sözlərinə görə, özəl bağçalar qiymətlərin yüksək olmasını təhlükəsizlik, sağlamlıq, qida, əlavə servis xidmətləri ilə izah edirlər:

"Qiymətlərə baxanda bəzən elə təəssürat yaranır ki, sanki o bağçalarda uşaqlara Eynşteyn dərs keçir. Özəl bağçalar müstəqildir və qiyməti təyin etmək hüquq sahibkarın əlindədir. Amma istənilən halda özəl bağça sahibləri insaflı davranmalı və qiyməti münasib etməlidirlər".

E.Əfəndi qeyd edib ki, özəl bağçalar əlavə bir çox xidmətlər təklif edirlər:

"Məsələn, bağça yatılı olur, ya da uşaqlar xüsusi nəqliyyatla aparıb-gətirilirlər. Həmçinin, sahibkar müəssisəyə xaricdən mütəxəssislər cəlb edə bilər. Bu zaman aylıq təhsil haqqıı 1000 manat da olsa, buna qarışa bilmərik. Bağça sahibi deyə bilər ki, mütəxəssis dəvət etmişəm və o, bu qiymətə çalışır”.

Elm və Təhsil Nazirliyi mətbuat katibi Cəsarət Valehov isə bildirib ki, özəl bağçalarda qiyməti bazar tənzimləyir:

“Özəl bağçalar sahibkarlıq məqsədlidir. Buna görə də bu müəssisələrdə qiyməti sahibkar özü müəyyən edir. Elm və Təhsil Nazirliyi bununla bağlı heç bir səlahiyyətə malik deyil. Dövlət bağçaları isə pulsuzdur. Düzdür, özəl bağçalarda olduğu kimi əlavə xidmətlər olmasa da, dövlət bağçalarımızda körpələrimizə dövlət xidmət göstərir. Uşaqların tədrisi, təlim-tərbiyəsi qida və təhlükəsizliyinə nəzarət edilir”.

Share on Facebook