Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Sozcu.az xəbər verir ki, səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar hadisəni törədən şəxsin edam olunmasını tələb edirlər:
“Biz rəsmilərlə görüşümüzdə də, sənədləri hazırlayıb İran İslam Respublikasının Ali Məhkəmə orqanına göndərəndə də bir tələbimiz olub: edam. Qisas qismində edam. Bizim başqa bir tələbimiz olmayıb.
Bu terror hadisəsindən 2 il keçməsinə baxmayaraq, hələ də İran İslam Respublikasında həmin terrorçunun öz layiqli cəzasını almasına əngəl törədirlər. Mən dəfələrlə Bakıda İranın müvafiq hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşəm. Onlar bildiriblər ki, İslam dini ilə əlaqəli qanunlara uyğun biz onları kompensasiya qismində bağışlaya bilərik və edam etdirə bilərik. Lakin bizim bir qərarımız olub - edam. Müxtəlif sənədlər hazırlamışıq və İrana yollamışıq. Lakin bu qərar icra olunmayıb. Dövlət rəhbərliyinin, müvafiq orqanların bu işə ciddi yanaşması nəticəsində İran Ali Məhkəməsi qərarı təsdiq edib. Yəqin ki edam hökmü qüvvədə olacaq. Biz sənədləri hazırlayıb İrana yollayacağıq və yaxında edam hökmü icra olunacaq”.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Terroru törədən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar.