“Ermənistanın hərbi-siyasi rəhbərliyi, eləcə də Qarabağdakı erməni separatçıları yalnız Azərbaycan xalqına qarşı deyil, xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədib”.
Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, erməni cinayətkarlarının törətdikləri cinayətlərin miqyasına da, onların cəzalandırılmasına da məhz bu aspektdən yanaşılmalıdır:
“Ermənilər uzun illər ərzində xalqımıza qarşı çoxsaylı soyqırımları, qətliyamlar həyata keçirib, 30 ilə yaxın müddətdə bir çox ərazilərimizi işğal altında saxlayıblar. Hərbçilərimizlə yanaşı, mülki şəxslərimizin hədəfə alınması, yaşayış məntəqələrimizin bombalanması, əsir və girovların amansız işgəncələrə məruz qalması da yaxın tariximizin acı reallıqlarındandır. Təbii, bu cinayətlərin başında Ermənistanın hərbi-siyasi rəhbərli, vaxtiylə Qarabağda mövcud olan separatçı rejim dayanmışdı. Hansı ki, bu gün dövlətimizin, onun əlaqədar qurumları xalqımıza qarşı cinayət törədən separatçıları ələ keçirməkdə, onları qanun qarşısında məsuliyyətə cəlb etməkdədir.
Onlar bütün bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərdir. Bu şəxslər insanlıq tarixində misli görünməmiş vəhşiliklərə imza atıb, barbarlıq və vandalizm aktları törədiblər. Ona görə də onların cəzalandırılması bütün insanlığın marağı və mənafeyi, yerli və beynəlxalq qanunlar baxımından zəruri və mütləqdir”.