"Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər..."

"Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər..." 

Ermənilərin son günlər xüsusi aqressivliyini hiss etməmək mümkün deyil. Aqressivlik ABŞ səfirinə, Ağ evə, qismən Paşinyan hakimiyyətinə ünvanlansa da, qəzəbin mərkəzində Azərbaycan dayanır. Demək olar ki, erməni mətbuatının 90 faizi sülh müqaviləsini bağlayıb “artsaxı” Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edən sənədə imza ata biləcək səlahiyyətli şəxsi, konkret olaraq Paşinyan hakimiyyətini artıq tənqid yox, hədələmək xəttini seçib. Bir erməni siyasətçisi tapa bilməzsən ki, sülhdən danışsın. Bütün ermənilər Azərbaycanla sülh imzalanmasının əleyhinədir. Bunu rəsmiləşdirmək üçün “Ayakve” adlı bir təşkilat yaradaraq imza toplayır, Ermənistanın heç bir səlahiyyətli şəxsinin “artsaxı Azərbaycanın tərkib hissəsi kimi tanıya bilməz” qanununu qəbul etməyi planlaşdırırlar. “Qolos Armenii” saytında bu təşkilatın yaydığı müraciətin başlığı qeyd etdiyimiz aqressivliyin nümunəsi ola bilər:  "Artsaxın cinayətkar dövlətin tərkibinə daxil edilməsi fikrini hətta ağlından keçirməyə cəsarət edən hər kəsin ağzı dayanmadan yumulmalıdır”. Gördüyünüz kimi, hədəf konkret olaraq Azərbaycan və mümkün ermənilərdir.

 Özümüzü inandırmayaq ki, ermənilərin başqa yolu qalmayıb, mütləq masaya oturub sülh müqaviləsini imzalayacaq və bundan sonra Qarabağ problemində yekun nöqtə qoyulacaq. Separatçı rejimin liderləri bu işdə daha aqressivlik göstərirlər. Ona görə ki, Rusiya hələ də erməni silahlı qüvvələrini tam təmin edir və Azərbaycan ərazisində qalmasına hər cür şərait yaradır. Baş separatçı Arutyunyan Rusiya prezidentinə məktub göndərir və Paşinyandan xahiş edir ki, Putinlə danışıb onun fikirlərini çatdırsın. Fikir də budur ki, Putin ermənilərə kömək etməsə, “vulkan kimi partayacaqlar”. Şantaj ermənilərin xislətidir. Yeri gəlmişkən, telefon danışığı da baş tutur və Qarabağdan, Laçın yolundan danışırlar. Putinin bəşəriyyəti atom bombası ilə hədələdiyi bir vaxtda, yəni “iki daşın arasında” Laçın yolunu müzakirə etməyə həvəsli olduğu az inandırıcı olsa da, telefon danışığı faktdır...   

İki il səkkiz aydır ki, məğlub olan ermənilər hər gün aqressivləşirlər. Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılmasını tələbinə bu gün Paşinyan bir daha özünə xas manevrlə cavab verərək: “Ermənistanın Qarabağda silahlı qüvvələri yoxdur”- açıqlamasını verib. Sual yaranır, yoxdursa, niyə Ermənistan Respublikasının 2023-cü ilin büdcəsində bu qüvvələrin maliyyələşdirilməsi üçün vəsait ayrılıb? Separatçı rejim isə bu qüvvələri onların təhlükəsizliyinin qarantı kimi təqdim edir. O zaman Rusiya hərbi kontingenti hansı funksiyanı həyata keçirir?..  

Ermənilər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün  Azərbaycanla sülh müqaviləsini imzalanmasını bəhanə kimi görürlər. Bütün eks-məmurlar, diplomatlar Paşinyanı hədələyən bəyanatlar verirlər. Paşinyan da bu qüvvələri sakitləşdirmək məqsədilə Vaşinqton görüşünə kinayə ilə yanaşır, hansısa bir irəliləyişin“hiss olunmadığını” deyir. Son günlərdə baş verənlər və müharibədən sonra Ermənistan və Rusiya tərəfindən aparılan siyasət bir daha göstərir ki, sülh müqaviləsi bu il də imzalanmaya bilər. Baxmayaraq ki, ötən il olduğu kimi, bu il də ilin sonunda imazalanacağına “böyük ümidlər var” deyənlər də az deyil. Reallıq isə əksini deyir... 

Qarabağdakı yerli əhalinin də yaranmış çətin vəziyyətə etirazı faktiki olaraq yoxdur. Onlara lazım olan zəruri malların Ağdamdan alınması üçün verilən təklifə müsbət yanaşması da yoxdur. Ya Araik Arutunyan, ya da sadə Qarabağ ermənisi Aşot bir-birinin ayağını basası deyil. Azərbaycana qarşı illlərlə yaranmış düşmənçilik onların gözünü çoxdan örtüb, üstəlik, yanlarında dayanan Rusiyanı hər gün gördükləri üçün hələ də “müstəqil artsax” xəyalı ilə ümidlənirlər. 44 günlük müharibədən dərs almayan ermənidən sülh müqaviləsi imzalanmasını gözləmək olmaz. Son günlərin erməni aqressivliyi onların öz başında çatlamalıdır...

Belə vəziyyətdə Azərbaycanın atacağı addımlar taleyüklü və həlledici olmalıdır. Qarşıdakı Brüssel görüşündən sonra da konkret nəticənin olacağı şübhəlidir. Məhz bu görüşdən sonra İrəvanda hakimiyyət uğrunda mübarizənin daha dağıdıcı olacağı və qarşıdurmanın güclənəcəyi proqnozlaşdırılır. Bu, onların daxili işidir, Qarabağ isə bizim daxili işimiz. Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər. Hansı yolla? Sərt xəbərdarlıq və vaxt verməklə. Ermənilər sakit diplomatiyadan 30 il anlamadılar, bundan sonra da anlayası deyillər...(moderator)

İlham İsmayıl

Share on Facebook