Bir vaxtlar Qarabağda yüzlərlə günahsız soydaşımızın qanını axıdan qatillərin bəziləri həbs edilib. Amma insanları yalnız azərbaycanlı olduğuna görə qətlə yetirən cəlladların əksəriyyəti hələ də azadlıqdadır.
1992-ci ildə Qaradağlı və Xocalı qətliamlarının təşkilatçılarından biri, uzun müddət Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik edən Seyran Ohanyan və digər canilər hələ də Ermənistan ərazisində gizlənirlər. Əslən Qarabağın Daşaltı kəndindən olan Ohanyan 44 günlük müharibədə Şuşanın müdafiəsinə cavabdeh olsa da, ordumuzun hücumunun qarşısında duruş gətirə bilməyərək Şuşadan qaçmışdı.
Ermənistana çatar-çatmaz bəyanatlar səsləndirən Ohanyanın bu gedişi Qarabağa son gediş oldu və bir daha cəsarət edib biz tərəfə baxmadı. Amma revanşist bəyanatlarla diqqət mərkəzində olan Ohanyan həm də Ermənistan parlamentində müxalifəti təmsil edir. Özünün “Facebook” səhifəsində ermənilərə müraciət edən Ohanyan Qarabağın boşaldılmasını ürək ağrısı ilə qeyd edir və yazır ki, düşdükləri vəziyyətə görə günahkar yalnız baş nazir Paşinyandır:
“Baş verən faciələrin günahını təkrar-təkrar üzərinə götürən baş nazir özünü elə göstərir ki, guya dəyişiklikdən narazıdır. Müxalifətə yönəlmiş ittihamlar isə absurd yanaşmadır. Hakimiyyətdəkilərin fikirincə, Qarabağdan əhalinin boşaldılmasında günahkar müxalifətdir. Onlar bizi Qarabağın yeni seçilmiş prezidentini təbrik etməkdə günahlandırırlar. Paşinyan hakimiyyəti Qarabağı bir dövlət kimi tanımadı və onun prezidentini təbrik etmədi. Halbuki Qarabağı xilas etmək və saxlamaq üçün bütün rıçaqlar müxalifətin deyil, iqtidarın əlində idi. Və bu gün onlar dövlət təbliğat maşınından nə qədər istifadə etsələr də, müxalifəti günahlandırsalar da, yenə də özlərinə bəraət qazandıra bilməyəcəklər. Hər bir erməni anlayır ki, 2020-ci il məğlubiyyətindən sonra Paşinyan Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina edərək, gələcək hərəkətlər üçün bütün məsuliyyəti və mümkün ittihamların oxlarını Rusiya sülhməramlı qüvvələrinə yönəltdi. Praqada açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla müttəfiqimizin əl-qolunu bağladı”.
Silahdaşlarının Bakıda həbsdə olmasını unudan Ohanyan hesab edir ki, uzun müddət azadlıqda gəzib siyasi məsələləri təhlil etməklə məşğul olacaq. Bir vaxtlar Rusiyada milyardlar qazanaraq gəlib Qarabağda Azərbaycana meydan oxuyan Ruben Vardanyan da dünya mətbuatının gündəmində idi. Hətta Qarabağın “prezidentləri” Bakıda dəmir barmaqlıqlar arasından boylanacaqlarını, həyatın bumeranq olduğunu ağıllarının ucundan belə keçirməmişdilər. Deməli, əlahəzrət ədalət tarixin hansısa məqamında öz sözünü deyir və cinayətkar cəzasız qalmır. Növbə isə Ermənistan ərazisində gizlənən Ohanyan və digər cinayətkarlara da çatacaq.konkret)