İyulun 24-də Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.
İyulun 29-da saat 11:00-da Müsavat Partiyası Məclisinin növbəti sessiyasının keçirilməsi barədə qərar qəbul edilib.
İclasda ictimai fəal Rəbiyyə Məmmədovanın müraciətinə baxılıb və o, partiya sıralarına qəbul edilib.
Divan iclasında tanınmış iqtisadçı alim Qubad İbadoğlunun və digərlərin həbsi ilə bağlı məsələ müzakirə olunub.
Müsavat Partiyası Qubad İbadoğlunun azadlığa buraxılmasını və bu işlə bağlı istintaqın tam şəffaflığının təmin edilməsini tələb edir.
Ötən həftə daha bir Qarabağ qazisinin intihar etməsi faktından narahatlıq ifadə edilib. Qeyd olunub ki, iyulun 22-də intihar edən Qarabağ qazisi Nizaməddin İbadov, ölümündən bir gün əvvəl jurnalistə göndərdiyi səs yazısında, müalicə aldığı xəstəxanada işgəncəyə məruz qaldığını söyləyib. Müsavat Partiyası bu məsələnin araşdırılmasını, qazini intihara vadar edən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir.
Sonda cari məsələlər müzakirə edilib.