Müharibədə bir ayağını itirmiş qazi: “Evə, işə ehtiyacım var”

Hazırda çətinliklər, sıxıntılar, problemlər içində olan qazilərimizdən biri də şəkili Polad Əmir oğlu Mədənidir. O Polad Mədəni ki, xüsusi təyinatlı kimi ömrünün 10 ilini hərbdə keçirib. O Polad Mədəni ki, İkinci Vətən Müharibəsində 16 erməni faşistini cəhənnəmə göndərib. O Polad Mədəni ki, Füzuli şəhəri işğaldan azad olunan gün ölümlərdən dönüb, Vətən yolunda bir ayağını itirib. O Polad Mədəni ki, səkkiz medallı və bir ordenlidir. O Polad Mədəni ki, başdan-ayağa Vətən sevdalısıdır, birinci qrup Qarabağ əlili olmasına baxmayaraq, bu gün də Ali Baş Komandanın bir əmrinə hazırdır. 

Polad 1989-cu ilin may ayının 30-da Şəki şəhərində sadə bir ailədə dünyaya gəlib. Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyidir. 1996-2005-ci illərdə Şəki şəhərində yerləşən Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə 9 illik təhsil alib. 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən “N”saylı hərbi hissədə qulluq edib. Həqiqi hərbi xidmətini, əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinin yanına dönüb və cəmi bir ildən sonra - 2010-cu ildən isə həyatını yenidən hərb sənəti ilə bağlayıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin KOBRA Dəstəsində fəaliyyətə başlayıb, snayperçi olub. 

2013-cü ilin fevral ayının 11-də atasını itirib. 2016-cı ildə ailə həyatı qurub. Umud və Pınar adlı iki övlad atasıdır. 

Qeyd etdiyimiz kimi, Polad bir hərbçi, bir xüsusi təyinatlı, bir Vətən sevdalısı kimi 44 günlük İkinci Vətən Müharibəsində iştirak edib. 20 günlük şərəfli döyüş yolu keçib, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Hadrut istiqamətlərində döyüşüb, düşmənə sözün əsl mənasında qan uddurub, 16 erməni hərbçisini öldürüb. Oktyabr ayının 16-da isə Füzuli şəhərində minamyot atəşinin partlaması nəticəsində ağır yaralanıb. 52 gün Daxili İşlər Nazirliyinin hospitalında yatıb, ağır müalicə və müayinələrdən keçib, əməliyyat olunub, sağ ayağını tamamilə itirib. Sonradan səhhəti ilə əlaqədar Daxili Qoşunlardan təxris olunub, birinci qrup əlillik dərəcəsi alıb. 

İstər müharibədən öncə, istərsə də müharibədən sonra medallarla -“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, o cümlədən, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubalının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Polad hazırda Bakı şəhərində, özünə məxsus olmayan bir evdə yaşayır. Minik maşını ilə təmin olunsa da, hələ də nə Bakı şəhərində, nə Şəki şəhərində evlə, mənzillə təmin edilib.Onun eyni zamanda, digər həllini gözləyən problemləri var. Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumlar, o cümlədən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə hansısa bir addım atılmır. 

Polad Mədəninin dediklərindən: 

“Mən birinci qrup müharibə, Qarabağ əliliyəm. Bir ayağımı itirmişəm. Əgər lazım gəlsə, bu vəziyyətimdə belə yenidən Vətənimin müdafiəsinə, Ali Baş Komandanın bir əmrinə hazıram. 10 ilin Xüsusi Təyinatlısı olmuşam. Heç zaman da fikirləşməmişəm ki, gedib döyüşüm, yaralanım, sonra da dövlətdən nəsə istəyim, alım. Bu Vətən yolunda təmənnasız şəkildə döyüşmüşəm, vuruşmuşam, yaralanmışam, əlil olmuşam, canım Vətənimə, dövlətimə qurban. Amma mən də insanam, ailəliyəm, iki övladım var. Onlara baxmaq, dolandırmaq lazımdır. Bu günə kimi nə Bakı şəhərində, nə də Şəki şəhərində evlə, mənzillə təmin olunmuşam. Ailəmlə Bakıda tanış bir adamın evində yaşayıram. Axı, nə vaxtacan?! Heç bir yerdə də işləmirəm. İstəyirəm ki, təsərrüfatla məşğul olum, buna da kömək edən, şərait yaradan yoxdur. Bizim məmurlar, səlahiyyət sahibləri nə üçündür, nəyə baxırlar? Niyə vəzifə borclarını yerinə yetirmirlər? Bizlərlə, qazilərlə maraqlanmaq, bizlərə, qazilərə kömək etmək onların borcudur. Ancaq təəssüflər olsun ki, çox zaman bunun əksini görürük…” 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Share on Facebook