Müğənnilərə ev bağışlayanlar niyə şəhid ailələrinə bu xeyirxahlığı göstərmir?

“Mən ev və maşınların telekanallarda kimlərə hədiyyə olunduğunu bilmirəm, amma, qoy, olunsun. Çünki elə sənətkarlarımız var ki, onlar sözün əsl mənasında, sənətkardır. Ehtiyacı olanlar ev də vermək olar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib.

O, şou-biznes nümayəndələrinin bəzilərinə canlı efir zamanı maşın və mənzil hədiyyə edilməsinə münasibət bildirib.

Sosial şəbəkələrdə istifadəçiləri bu kampaniyanın ehtiyacı olan insanlar, daha dəqiq desək, şəhid və qazi ailələri üçün tətbiq edilməli olduğunu bildirirlər.

R. Kərimoğlu da eyni fikri bölüşüb:

“Əslində, bunlar insanların səviyyə və əxlaq məsələsi ilə bağlıdır. Bəlkə də elə bir şey yoxdur və sadəcə müğənnilər şou yaradırlar. Lakin mən kifayət qədər iş adamı tanıyıram ki, istər birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrinə maddi-mənəvi dəstəklərini göstərib. Elə iş adamları var ki, bu qəbildən olan şəxslərə, hətta 10-15 ev də verib”.

Onun sözlərinə görə, belə hallar olub, sadəcə olaraq, həmin şəxslər bunu mətbuata təqdim etmək istəməyiblər:

“Amma bəzi xəbərlər bu haqda mətbuatda gedib. İndiyə qədər dövlət haradasa 14.500 şəhid ailəsi, müharibə əlili və onlara bərabər tutulan şəxslərə pulsuz ev verib. Lakin onların sayı daha çoxdur, növbədə olanlar var. Eləsi də var ki, hazırda mənzil növbəsinə dura bilmir. Doğrudur, Sosial Müdafiə Nazirliyi ehtiyacı olanlara dəstək olur, amma, məncə, bu, yenə də azdır.

Arzu edərdim ki, şou-biznes adamlarına ev verənlər o evlərdən birini də şəhid və qazi ailəsinə versinlər. Nəinki şəhid ailəsi, Qarabağ əlili və qazilər, elə vətəndaşlarımız da var ki, onlar bir tikə çörəyə möhtacdır, evi yoxdur, amma onlara verilmir deyə, ala bilmirlər. Fəxrlə danışdığımız Qarabağ müharibəsinin qəhrəman oğlanlarıdır onlar. Onların dəstəyə ciddi ehtiyacı var.

Tövsiyə edərdik ki, bu tədbirləri şou-biznes əhlindən çox şəhid ailələrə, qazilərə və veteranlara yönəltsinlər. O cümlədən də sənətdə tər-tökmüş, əziyyət çəkmiş və can qoymuş sənətçilərimizə də dəstək olsunlar”.

Share on Facebook