Minimum əməkhaqqı artırılmadı: Ayda 345 manatla dolanmaq olar?

Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Hazırda da ölkədə minimum əməkhaqqı 345 manatdır.

Bəs bu məbləğ vətəndaşlara kifayət edirmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Yenisabah.az-a danışıb. O, hazırkı qiymət artımı fonunda bu məbləğin çox aşağı olduğunu bildirib:

“345 manat çox aşağı əməkhaqqı səviyyəsidir. Hazırki şərtlər daxilində, xüsusilə son 2 ildə kəskin şəkildə qiymət artımı baş verdikdən sonra bu məbləğ çox azdır. Hazırki dövrlə 2020-ci ili müqayisə etdikdə indi xərclərin 30% çox olduğu müşahidə edilir. 

Həssas sosial qruplar aspektindən bu göstərici daha sərtdir. Çünki onlar daha çox gündəlik tələbat, əraz məhsulları istehlakçısıdırlar ki, bu məhsulların da qiyməti daha kəskin şəkildə artıb. 

Ölkədə əhalinin əhəmiyyətli bir qismi minimum əməkhaqqı ilə çalışır. Bu şəxslərin sayı təxminən, 400-500 mindir. Bu, böyük göstəricidir”. 

Ekspert bildirib ki, sözügedən qərar hələ ki, müzakirə  mərhələsindədir. O, hökumətin minimum aylıq əməkhaqqını 2024-cü il üçün artıracağı qənaətində olduğunu qeyd edib: 

“İndiki halda 2024-cü il üçün minimum aylıq əməkhaqqı miqdarı eyni qaldı demək olmaz, çünki hələlik sənəd müzakirə mərhələsindədir. Düşünürəm ki, bu mərhələdə hər hansı təkliflər ortaya çıxacaq və həmin təkliflərə əsasən müəyyən dəyişikliklər ediləcək. Ötən il də əməkhaqqı miqdarı eyni qalacaqdı, amma yanvar ayında hökumət reallığı gördü və daha adekvat addımlar atdı və minimum əməkhaqqı səviyyəsi artırıldı. Ümidlər hələ tam olaraq tükənməyib. 

Bu prosesdə hökumətin əsas funksiyalarından biri tarazlığın tapılması və əhalinin az gəlirli sosial qruplarının müdafiə olunmasıdır. Bu baxımdan düşünürəm ki, növbəti bir neçə ay ərzində daha rasional qərarın qəbul edilməsini müşahidə etmiş olacağıq”. 

Share on Facebook