NASA-nın "Perseverance" roveri ilk dəfə Mars kraterində üzvi birləşmələrin izlərini aşkar edib.
Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Nature" elmi jurnalında məqalə dərc olunub.
Tədqiqatda dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi bildirilib. Məlumata görə, cihaz "kraterin dibindəki süxurlarda bir və ya iki karbon halqası olan müxtəlif üzvi molekullara uyğun gələn izlər tapıb".
Eyni zamanda, tədqiqat müəllifləri hansı növ üzvi maddələrin tapıldığını müəyyən edə bilməyiblər.
Elm adamları bu qənaətə 45 kilometrdən çox eni olan Ezero kraterində rover tərəfindən çəkilmiş yüksək ayırdedici şəkilləri təhlil edərək gəliblər.
Bildirilir ki, tapılan üzvi molekulların təbiətində və paylanmasındakı fərqlər bir vaxtlar Marsda su mühitinin dəyişməsi ilə bağlı müxtəlif proseslərin baş verdiyini göstərir. Tapılan maddələrin üzvi mənşəyinin təsdiqi üçün nümunələrin Yerə çatdırılması tələb olunur. Onlar 2026-ci ildən sonra başlaya biləcək Marsa Qayıdış missiyası tərəfindən çatdırılmalıdır.