Krıma dronlarla hücum edildi - Körpüdə hərəkət dayandırıldı

Rusiya ordusu işğal altında olan Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Krım yarımadasına hücum edən 20 PUA zərərsizləşdirilib. Rusiya hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev hücum barədə heç bir açıqlama verməyib.

Nazirlik "Telegram" mesajlaşma proqramında yazıb ki, hücum cəhdi nəticəsində heç bir itki və dağıntı yoxdur. Bildirilib ki, 14 dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, altısı isə radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb.

Krımın Rusiya tərəfindən təyin edilən "qubernatorunun müşaviri" Sergey Kryuçkov bir müddət əvvəl hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü açıqlayıb.

Yarımadanı Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən Krım körpüsündə hərəkət təxminən iki saat dayandırılıb.

Share on Facebook