Türkiyə müxalifətinin "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu həyat yoldaşı ilə ittifaqa daxil olan digər siyasi qüvvə olan İYİ Partiyanın sədri Meral Akşenerin evinə qonaq gedib.
Sozcu.az xəbər verir ki, bu barədə Kılıçdaroğlunun xanımı Selvi Kılıçdaroğlu tviter səhifəsində paylaşım edib.
"Qiymətli Akşener ailəsinə qonaqpərvərlikləri üçün təşəkkür edirəm. Bu gün şahid olduqlarımıza rəğmən (Ərzurum hadisələri nəzərdə tutulur - red.) gözəl bir gecə idi. Bu ölkənin hüzura, sevgiyə və qardaşlığa çox ehtiyacı var. Bahar gəlir", - deyə o qeyd edib.
CHP sədri isə xanımının paylaşımını retvit edərək yazıb: "Akşener ailəsinin qonağı olduq. Qonaqpərvərlikləri üçün onlara çox təşəkkür edirəm. Bu görüşləri tez-tez təkrarlamağa qərar verdik bu gecə. Ortalığı qarışdırmağa çalışanlara etibar etməyin. Biz birlikdə ölkəmizə baharı gətirəcəyik".
Qeyd edək ki, bundan əvvəl ittifaqa daxil olan DEVA Partiyasının sədri, sabiq iqtisadiyyat və xarici işlər naziri Ali Babacan həyat yoldaşı ilə Kemal Kılıçdaroğlugilə qonaq getmişdi.