Jurnalist Fərid İsmayılov Bayram Səfərovla aralarında olan mübahisədən danışdı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla ona sual ünvanlayan jurnalistin dialoqu müzakirələrə səbəb olub.

Jurnalist B.Səfərova Şuşaya səfər edib-etməməsilə bağlı sual verib. Sualdan yayınan icra başçısına jurnalist növbəti dəfə sual verdikdə, o əsəbiləşib. Media nümayəndəsinin “Jurnalist sizdən hesab sora bilməz?” replikası isə gərginliyi artırıb. Bəzi media nümayəndələri bu məsələdə jurnalistə dəstəyini bildirsə də, onu tənqid edənlər də olub.

Həmin mübahisənin tərəflərindən biri olan jurnalist Fərid İsmayılov Globalinfo.az-a açıqlamasında Bayram Səfərovla bu situasiyanın iki dəfə təkrarlandığını bildirib:

“Mən müxtəlif media qurumlarında çalışmışam və istənilən materialıma görə hesabat verməyə də hazıram. Fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı reportaj hazırlamaq üçün “Ana fəryadı” abidəsinə getdim. Bu zaman kənarda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dayandığını gördüm. Ona yaxınlaşdım, çalışdığım redaksiyanın adını və kim olduğumu qeyd etdim, müsahibə üçün icazə istədim. O da heç bir problemin olmadığını bildirərək razılıq verdi. Yaxa mikrofonunu icazəsi ilə icra başçısının üzərinə yerləşdirdim və çəkməyə başladım. Ona, “Məlumat yayılmışdı ki, siz Şuşaya gedə bilməmisiniz. Bəs indi vəziyyət necədir?” – deyə, sual ünvanladım. B.Səfərov isə qarşılığında mikrofonu çıxararaq, “Get işinlə məşğul ol” dedi. Mən də təşəkkür edib, yanından ayrıldım”.

F.İsmayılov icra başçısının sualdan bir neçə dəfə aqressiv münasibət bildirərək yayındığını deyib:

“Daha sonra ondan digər jurnalistlərin də açıqlama aldığını gördüm, yaxınlaşıb çəkməyə başladım. Həmin media nümayəndələrinin də sualları elə icra başçısının Şuşaya səfəri, həmçinin rayon icra hakimiyyətlərinin ləğvi mövzusunda idi. Bu arada mən B.Səfərovun özünün Şuşaya gedib-getməməsini soruşdum. O isə, “Bunun sizə dəxli yoxdur” cavabını verdi. Sualı təkrar etdim, yenə eyni şəkildə cavabladı. Dəqiq cavab ala bilmədiyim üçün sualı bir daha təkrarladım, çünki mənim bir jurnalist kimi oxucu qarşısında öhdəliyim var. Cəmiyyətdə də Bayram Səfərovun Şuşaya gedə bilməməsilə bağlı fikirlər səsləndirilir, bu səbəblə mən həmin suala cavab almağa çalışdım. Hətta o Şuşa üç ay əvvəl getdiyini, bunun yanvar ayında baş verdiyini də dedi. 3 ay əvvəl necə yanvara təsadüf edə bilər? Müsahibə bitdikdən sonra da demək olar ki, heç bir montaj edilmədən, sadəcə loqo yerləşdirməklə videonu yayımladıq”.

Jurnalist media nümayəndələrinin məmurdan hesabat tələb etmə haqqı ilə bağlı fikirlərə də cavab verib:

“Sonra sualım ictimai müzakirəyə çıxarıldı, haqqımda tənqidi yazılar yayımlandı. Halbuki, o məqalələri hazırlayanlar bir müddət əvvəl məni xüsusi xidmət orqanlarına işləməkdə ittiham edirdilər. Təsəvvür edə bilirsiniz, Azərbaycanda bir jurnalist xüsusi xidmət orqanlarına işləyə və hüquq mühafizə orqanları buna susa? Bu mümkün deyil. Təəssüf ki, Bayram Səfərov özünü heç kimə hesabat verməyə məcbur hiss etmir. Çünki onun qanunən vətəndaş qarşısında öhdəliyi olsa da, real öhdəliyi yoxdur. Həmçinin, jurnalistin hesabat tələb etmə hüququnu da sorğulayırlar. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nəinki jurnalist, vətəndaş belə məmurdan hesabat tələb edə bilər. Çünki həmin məmur vətəndaşın ödədiyi vergi hesabına büdcədən əməkhaqqı alır. Bu baxımdan jurnalist ictimaiyyəti maraqlandıran məsələyə aydınlıq gətirmək üçün sualı dəfələrlə təkrarlaya bilər. Düşünürəm ki, məsələ Bayram Səfərovla bitmir. Azərbaycanda məmur vətəndaş qarşısında hesabatlı deyil”.

Xatırladaq ki, Fərid İsmayılov Toplum TV portalının əməkdaşıdır.

Sozcu.az

Share on Facebook