İsmayıl Xan Ziyadxanlı'nın Çar Rusiyası Dövlət Dumasında söylədiyi nitq

Hörmətli millət vəkilləri!
İcazənizlə Zaqafqaziyanın İrəvan, Gəncə və Bakı vilayətlərində törədilən rəzalətlərin, özbaşınalıq edən dövlət idarəsinin həyata keçirdiyi fitnəkarlıqların kiçik bir tablosunu hüzurunuzda təsvir edim. Beləliklə, sizə təklif edəcəyim tədbirlər qəbul edilərsə, etimadım artmış olar. Buraya, yəni Peterburqa gələr-gəlməz əlimə keçən “Novoye Vremya” qəzetinin səhifələrində beş il qaçaq həyatı sürmüş gəncəli bir tatarın (türkün) rəsmini gördüm. Bu rəsmin altında da belə bir yazı vardı: “Quldurluğu haqqında dastanlar söylənən Qafqaz şeytanı Dəli Alı”. Bu işarədən sonra müəllif yazısına böyük bir həyəcanla davam edərək deyir: “Zaqafqaziyada böyük həyəcanlar başlamışdır. Asiyalılar üsyan edirlər, bu hərəkatın qarşısı alınmalıdır. Çünki, Zaqafqaziya təkcə Dumanı deyil, bütün Rusiyanı öz təsiri altına ala biləcək miqdarda millət vəkili ilə Dumada təmsil edilməkdədir”.
Hörmətli millət vəkilləri!
Bu yazıdakı böhtanlar bu qədər yüksək dərəcəyə çatmasaydı, sanıram ki, mən burada hüzurunuzda bunun üzərində durmayacaqdım.
Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız. Ölkəmiz istila edilən kimi dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət müəllimlərimizin seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman məmurlar göndərildi.
Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət və xalqın nəzərində heç bir qədir-qiyməti yoxdur, buna baxmayaraq onlar bir əsrdir bizə din rəhbərliyi etmişlər. Vəqfə aid olan əmlakımız da hökumət tərəfindən zəbt edilmişdir. Bu səbəbdən müxtəlif yerlərdə xarabazarlığa çevrilən məscidlərimizin təmiri üçün illər boyu camaatdan pul toplamağa məcbur olmuşuq.
Hörmətli millət vəkilləri, çalışacağam ki, qısa danışam. Lakin bunları söyləməkdə məqsədim fitnəkarların hər cür vəsaitə malik olduqlarına sizi inandırmaqdır. Bizdə məhəlli idarələr mövcud deyildir. Bələdiyyəyə gəlincə, biz müsəlmanlara mövcud nümayəndə miqdarının ancaq beşdə birini seçmək hüququ verilmişdir. Son zamanlarda isə şəhər əhalisinin çoxu müsəlmanlar olduğu halda mövcud bələdiyyə nümayəndə siyahısının yarısına qədər bir nümayəndə seçmək hüququ verilmişdir. Xalq təhsilindən, ümumiyyətlə maarif sahəsindən danışmağa belə dəyməz. Çünki bizim kəndlərin heç birində məktəb yoxdur. Yüz kilometrlərlə gedilsə belə, hər hansı bir yaşayış məntəqəsində məktəbə rast gəlməzsiniz, halbuki bizdən maarif işləri üçün vergi toplanır. Görəsən bu pullar hara sərf edilir? Yəqin ki, heç bir işə yaramayan drednout (böyük zirehli hərbi gəmi – tər.) inşasına, yaxud da rus millətinin bu gün, bizim isə yüz ildən bəri heç birinə inanmadığımız cənab nazirlərə sərf edilir (Burada İsmayıl Ziyadxanov kinayəli bir şəkildə yaponlar tərəfindən batırılan çar donanmasını və çarın yaltaq nazirlərini nəzərdə tutur – H.B.). Bir müddət bizdə də müasir təhsil sistemi tətbiq etmək həvəsi meydana gəlmişdi. Dəlilsiz qalmamaq üçün bir hadisəyə müraciət edəcəyəm. Bir neçə il bundan əvvəl Gəncə mədrəsəsinin yanındakı bir neçə sinifli məktəbdə təhsil köhnə qayda ilə aparılırdı. Uşaqların yerdə bardaş qurub oturmamaları üçün bir neçə adam məktəbə skamya, stul və qara lövhə hədiyyə etdi. Bilirsiniz nələr baş verdi? Bunun üstündə bir çox ziyalılarımız iki ilə yaxın həbsdə oldular, amma onların mövcud quruluşu yıxmaq cəhdi barədə heç bir dəlil tapılmadığı üçün iki ildən sonra həbsdən buraxıldılar. Nəzakət xatirinə, “kiçik bir yanlışlıq olmuşdur” deyərək bununla da kifayətləndilər.
Hörmətli millət vəkilləri, biz müsəlmanlara bəzi ali məktəblərə isə sırf bir diplom əldə etmək məqsədilə girilməkdədir. Çünki ali məktəblərdən birini, məsələn, filologiya fakültəsini bitirən türk gənci diplomunu alıb vətəninə döndüyü zaman, ancaq “vodkanın sərtlik dərəcəsini təyin etmək məcburiyyətindədir”. Bu ali təhsilli gənc müsəlman olduğu üçün yalnız Qafqazda deyil, Rusiyanın bütün ərazisində orta dərəcəli məktəblərdə müəllimlik etmək hüququndan belə, məhrumdur. Bu hüquq bizdən alınmışdır. Məmur məsələsinə gəlincə, bu gün Qafqazda, üzr istəyirəm, ali təhsilli mülki işlər hakimdən başqa öz vətəninə xidmət edən heç bir müsəlman məmuruna rast gəlmək olmaz. Əgər müsəlmanlar məmurluğa qəbul edilirsə, onlar ya şimal rayonlarına, ya da Rusiyanın mərkəzi vilayətlərinə göndərilirlər.
Cənablar. Bizə deyirlər ki, müsəlmanlar çox geri qalmışdır. Bu, əsla doğru deyildir, əksinə geri qalmaq üçün hökümət özü badalaq vurur. Bunu yeri gəldikcə sübut edəcəyəm. Belə ki, senzuranın hökm sürdüyü bir vaxtda bizə ancaq bir qəzet çıxartmaq hüququ verilmişdi. Indi isə senzura zəiflədikdən sonra bizim otuza yaxın islam jurnalımız və qəzetimiz çıxır.
Hörmətli millət vəkilləri, bizdəki idarə sistemi tənqiddən kənardır. Belə ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzumu olmayan nə qədər boş və səfil adam varsa, hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir idarənin məmur kadrlarını təşkil edirlər. Bizim ölkəmizdə dövlət idarəsinin idealı rüşvət və xalqa əziyyət verməkdir, kim doxsan yaşlı bir qocanın əlindən axırıncı tikəsini alarsa, o, bizdə ən yaxşı məmur hesab olunur. “Gözü çıxarılmalı müsəlmanlar” üçün bundan daha yaxşısı olarmı? Əgər günlərin birində hər hansı bir idarə məmuru öz vəzifəsində əyintiyə yol verirsə, məhkəməyə cəlb olunur, amma kassasiya məhkəməsi tərəfindən məhkəmənin hökmü ləğv edilir. Cinayət məhkəməsi tərəfindən verilən sürgün, hərbi məhkəmələrin verdiyi edam qərarları əslində tərcüməçilər tərəfindən təyin olunur. Çünki, bizdə müsəlmanlar rus dilini, tərcüməçilər isə türk dilini bilmirlər. Bu səbəbdən beş, on manat maaş alan (hətta mən elə məmurlar tanıyıram ki, onlar səkkiz manat maaş alır) tərcüməçilər cəza verməkdə heç də tərəddüd etmirlər.
Bizdə torpaq, ərazi məsələsi sizdə olduğu kimidir və çox ağır bir problemə çevrilmişdir. Eynilə ruslarda olduğu kimi bizim də torpağa ehtiyacımız vardır. ərazi azlığından və çatışmazlığından əziyyət çəkirik. Buna baxmayaraq hökümət bizim torpaq məsələmizi başqa cür həll etməyə çalışır. Belə ki, məsələnin öyrənilməsi üçün nə kiçik, nə də böyük komissiyalara ehtiyac və lüzum görülməmiş, işlərinə yarayan idarə sisteminə müraciət edilmiş və məsələ guya kökündən həll edilmişdir. Yəni gözəl Gürcüstan tamamilə ordunu ərzaqla təmin etməklə məşğul olur. Müsəlmanlarla, ermənilər isə bir-birlərinə qarşı o qədər mahiranə surətdə təhrik edilirlər ki, yaxın vaxtda bu iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz və Qurko Stişinskilər məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura biləcəksiniz.
Azadlıq hərəkatına birinci olaraq gürcülər başladılar. Lakin qısa bir vaxt ərzində Gürcüstanda ortaya yeni bir ərazi məsələsi çıxdı, yəni kəndlilər mülkədarlara hücum etdilər, hökümət bu işləri həll etməyi orduya həvalə etdi. Azərbaycanda və Ermənistanda da belə hadisələrin baş verməsindən qorxuya düşən hökümət başa düşdü ki, bu adi məsələ deyildir. Ona görə də gizli surətdə tədbirlər görməyə başladı. Bu da “parçala hökm sür” idarə tərzidir. Bu işin icrası səriştəli polislərə həvalə edildi. Səlahiyyətli polislər bundan istifadə edərək təhrikçiliyə başladılar. Bir tərəfdən müsəlmanlara, “görürsünüz, sizi iqtisadi cəhətdən istismar edən ermənilər silahlanırlar, bir gün gələcək müstəqil dövlət quraraq hər şeyinizi əlinizdən alıb sizi məhv edəcəkdir”, digər tərəfdən ermənilərə “ehtiyatlı olun, panislamizm hər tərəfi bürümüşdür, islam camaatı arasında elə bir güclü birlik yaradılmışdır ki, günlərin birində siz ermənilərin kökünü kəsəcəkdir” – deyərək bu iki xalqı bir-birlərinə qarşı təhrik etməyə başladılar. Beləliklə, bu iki millət arasında Bakıda ilk qanlı çarpışma oldu. Hökümətə müraciət edildi, kömək istənildi. Bu hadisəni öncədən duymadığımız üçün bu işə ayrılacaq qüvvəmiz yoxdur, - deyə cavab verildi. Sonra da əlavə edərək dedilər ki, bu qırğına iki millət özü cavabdehdir, hökümət buna qarışına bilməz.
Indi mən bu kürsüdən hüzurunuzda qısaca olaraq söyləyə bilərəm ki, ermənilərə bizim aramızda tarix boyunca ixtilaf doğura biləcək heç bir iqtisadi ixtilafımız yoxdur, çünki biz hər zaman bir-birimizlə dost və qardaş kimi yaşamışıq.
Indi bilmək istəyirəm, görəsən hökümət hal-hazırda İrəvan, Gəncə və Tiflis vilayətlərində talanlara və soyğunçuluğa qarşı nə kimi tədbirlər görmüşdür? Şübhəsiz ki, sual cavabsız qalacaqdır. Hal-hazırda İrəvan, Gəncə yanğın yerinə dönmüşdür. Hadisələr oradan Şuşaya keçmişdir. Üç aydır ki, orada iki silahlı cəbhə yaradılmışdır. Bundan əvvəl söylədiyim kimi bu qanlı qardaş qırğını hökumət tərəfindən törədilmiş, sonra isə qarşısı alınmamışdır. Bizim generallarımız öz “fərasətlərini” rus-yapon müharibəsində yaxşı göstərdilər... Onlar fərasətsizliklərini düşmənin qüvvətli olması ilə ört-basdır etməyə çalışdılar, indi də öz əməllərilə vətənlərini idarə edə bilmədiklərini bir daha sübut edirlər. Iki ay ərzində Gəncə vilayətini general rütbəli üç qubernator idarə etmişdir. Onlardan biri bir qəzanı, ikincisi üç qəzanı, sonuncusu isə dörd qəzanı idarə edirdi. Halbuki, bütün qəzanın əhalisi 800.000 nəfərdən ibarətdir. Gördüyümüz kimi bu üç general rəhbərlik etdikləri yerləri idarə etmək qabiliyyətinə malik deyildilər. Deməli, bizim generallar istər müharibədə, istərsə də adi işlərdə heç bir müvəffəqiyyət qazana bilmirlər.
Sözcü.az

Share on Facebook