İranda səfirliyimizə hücum edən terrorçu hakim qarşısına çıxarılır: Asılacaq!

“Bir neçə ay əvvəl Tehran prokurorluğu bəyan etdi ki, Yasin Hüseynzadə barəsində edam hökmü tələb edib. Amma bu məhkəmə prosesi ilə bağlı fasilə uzandı və yekun hökm çıxarılmadı”. 

Bu sözləri Yenisabah.az-la söhbətində iranşünas Sədrəddin Soltan deyib. 

Analitik ötən ilin 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı terrorçu Yasin Hüseynzadənin məhkəməsinin başlaması faktına toxunub. 

Xatırladaq ki, bu 2024-cü ilin yanvarın 27-də məhkəmənin başladılmasından sonra İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, terrorçu ilə bağlı yekun hökm çıxarılacaq. 

Müsahibimiz əlavə edib ki, İran hakimiyyətinin rəsmilərinin fikrincə, məhkəmə prosesi çox uzanmayacaq: 

“Bu tip hallar İran qanunvericiliyinə görə, edamdır. Məsələn, mövzu İran tərəfinin iddia etdiyi versiya olsa belə, avtomatla başqa bir ölkənin ərazisinə basqın etmək cinayətdir və həmin hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məhz bunun üçün o şəxs barəsində İranın cinayət məcəlləsinə görə, yekun hökm edamdır. Onu dar ağacından asacaqlar, yaxud güllə ilə öldürəcəklərsə, bu, artıq icraatdan asılıdır”. 

Müshaibimiz diqqətə çatdırıb ki, bu gün İsfahanda İran Müdafiə Nazirliyinin hərbi sənaye obyektlərinə hücum təşkil etməkdə ittiham olunan 4 nəfər edam olunub: 

“Yəni İran hakimiyyəti 1 il ərzində edam hökmünü verib. Yaxud 2022-ci ilin sentyabrında İranda başlamış etiraz aksiyalarında iştirak edən ayrı-ayrı şəxslərlə bağlı 5 edam hökmü çıxarılıb və icra olunub. Ona görə də İran hakimiyyəti istəsəydi, Yasin Hüseynzadə barəsində istər ömürlük, istər edam, istərsə də “qanpulu” olsun, onlar vaxtında hökmü çıxara bilərdi. Çünki hadisənin baş verməsi səbəbi, dəlil və sübutların hamısı ortada idi, uzun istintaq araşdırması aparmağa ehtiyac yox idi”. 

S.Soltana görə, bu hadisə Azərbaycan-İran münasibətlərində siyasi bir məsələdir: 

“Ona görə də İran tərəfi bu cinayət işindən siyasi qazanc əldə etməyə çalışır. Tehran hakimiyyəti Azərbaycana münasibətdə özünü xoşməramlı göstərmək üçün Yasin Hüseynzadəni qurban da verə bilər ki, səfirliyə hücum olmuşdu və bunu edəni öldürdük. Amma Azərbaycan tərəfinin istədiyi əsas məsələ səfirliyin binasının, ərazisinin, səfirin, oradakı diplomatların və texniki işçilərin terror və başqa xoşagəlməz hadisələrdən qorunmasıdır. İran tərəfi bununla bağlı hansı addımları atıb işlər görəcək? Ona görə də İran tərəfi özünü xoşməramlı göstərmək üçün Azərbaycanın Təbrizdəki konsulluğunda iştirak edib. Amma prosesdə əvvəldən Azərbaycanın ədliyyə sistemi və prokurorluğu iştirak etməyib”. 

Siyasi təhlilçi əlavə edib ki, Azərbaycan tərəfi bu hadisəni terror aktı kimi qiymətləndirsə də, İran tərəfi bunu məişət hadisəsi kimi dəyərləndirib: 

“Ona görə də törədilmiş hadisəyə tərəflərin baxışı eyni deyil. Eyni olmadığı üçün nəticə nə olursa-olsun, məsələ Azərbaycan tərəfini tam qane etmir. Azərbaycan iddia edir ki, hadisəni bir nəfər törətməyib, əksinə, bu səfirliyimizə qarşı törədilmiş bir aksiyadır. Çünki İranda əli avtomatlı polisin qarşısında gəzmək mümkün deyil, amma günün günorta çağır səfirliyə hücum edir və çıxanda polislə də salamlaşır. Maraqlıdır, polisin nəzarəti altında olmayan İranda nə isə varmı? İranda bütün sərhədlər SEPAH-ın nəzarəti altındadır. Bu halda Azərbaycan səfirliyinə hücumdan belə bir sistemi olan hakimiyyət necə xəbərsiz ola bilər? 

Odur ki, hadisələr və münasibətlərdə bu tip nüansların nəzərə alınması vacibdir. Ola bilər ki, səfirlik açılsın, münasibətlər bərpa olsun, amma etimad və etibar əvvəlki səviyyədə olmayacaq. Onsuz da Tehran hakimiyyətinə etimad az idi və onların hadisəni bu tip təhlil etməsi münasibətlərə xələl gətirdi”. 

Share on Facebook