"Bu gün Bakıda avtomobil tunelində iki nəfərin həyatını itirməsi sadəcə təsadüfi bir faciə deyil, bu, bizim şəhər rəhbərliyinin və infrastruktur planlamasının tam iflasının acı nəticəsidir. Bəs bu qədər məsuliyyətsizlik nə vaxta qədər davam edəcək? Bu, bir yağış hadisəsi deyil, bu, düşünülməmiş, planlaşdırılmamış və vətəndaşın təhlükəsizliyinə qarşı etinasız yanaşmanın nəticəsidir".
Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında yazıb. O, ötən gündən yağan yağışın paytaxtda yaratdığı problemlərə toxunaraq bunları qeyd edib:
"Tunellərimiz, yollarımız hər yağışdan sonra dənizə çevrilir. Hansı əsrdə yaşayırıq ki, paytaxtın əsas yollarında yağış suları belə fəlakətlərə səbəb olur? Bu cür hadisələrin qarşısını almaq üçün bir tədbir görmək bu qədərmi çətindir? İnsanların həyatına bu qədər dəyər verməyən qurumların cavabdeh şəxsləri nə vaxt hesabat verəcəklər? Hər susqunluğumuz bir növbəti faciənin yolunu açır".