İlkin Süleymanovun Apellyasiya Məhkəməsinə əngəl yaradılır - Qardaşından AÇIQLAMA

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun ailəsi Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət edib.

Bu barədə Pravda.az-a İlkin Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib.

O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov onların Apellyasiya məhkəməsinə şikayət etmələrini əngəlləməyə çalışır:

“Belə ki, Dadaş İmanov iyunun 6-da verilmiş hökmün surətini 3 gün müddətində vəkillərə və qardaşıma təqdim etməli olduğu halda, qanunun bu tələbinə də məhəl qoymur. Müxtəlif əsassız bəhanələr gətirərək 5 gün keçməsinə baxmayaraq hələ də vəkillərə və qardaşıma hökmün surətini təqdim etməkdən boyun qaçırır. Apellyasiya şikayətinin müddətinin az olduğunu bildiyi halda Dadaş İmanovun bu hökmü hələ də bizə təqdim etməməkdə maraqlı və məqsədli olduğunu düşünürük. İnam Kərimovdan və Fikrət Məmmədovdan xahiş edirik ki, Dadaş İmanovun bu qanunsuz hərəkətlərinin qarşısının alınması  və 05.06.2023 tarixli hökmün çox gec olmadan vəkillərə və İlkinə təqdim olunması üçün göstəriş versinlər”.

Share on Facebook