“Azərbaycanda həbs edilən separatçılar saxlanma şəraitindən şikayət etmir, informasiya, kitab, qida ehtiyacları təmin olunur, vəkillə də təmin ediliblər, hətta Rubenin apelyasiya şikayətinə baxılıb. O deməkdir ki, onlar qatı cinayətkar olsalar da, Azərbaycan beynəlxalq konvensiyalara və qanunvericiliyə uyğun addım atır”.
Sozcu.az xəbər verir ki, bu fikirləri tribunainfo.az-a Siyasi Hüquqların Müdafiə Mərkəzinin sədri Xəzər Teyyublu deyib. Hüquq müdafiəçisi hesab edir ki, həbsdə olan Araik, Ruben, David, Bako və digərləri ilə ombudsmanlıq da maraqlanıb, bəziləri ilə görüş keçirilib. “Fikrimcə, bizə hər hansı beynəlxalq təsisat hər hansı irad tuta bilməz. Baxmayaraq ki, Avropa Parlamenti böhtanlarla dolu bədnam qətnamə qəbul etdi, yenə də heç bir hüquq müdafiə təşkilatı Azərbaycanı ittiham edə bilməz. İkincisi, saxlanan şəxslər separatizmin və terrorçuluğun əsas liderləridir. ABŞ-ın Quantanamo türməsində terrorçular var, amma heç bir Qərb təşkilatı onlarla maraqlanmır. O cəhətdən bizdən nəsə tələb etmələri absurddur. Azərbaycan antiterror tədbirlərini də beynəlxalq hüquqa uyğun həyata keçirib, terrorçuları da o qaydalar çərçivəsində həbs edib. Terrorizmə qarşı mübarizə aparan beynəlxalq koalisiya bizə minnətdar olmalıdır. Diqqət edin, nə Makron, nə başqaları həbs edilən araiklərə görə səsini çıxarmır. Çünki deməyə arqumentləri yoxdur”.