Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşib.
Sozcu.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər.
Qanunun indiyə qədərki variantında isə qeyd edilirdi ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.