Gürcüstanın baş naziri istefa verdi – Yenilənib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən getdiyini açıqlayıb.

Sozcu.az xəbər verir ki, o, hakim partiyaya rəhbərlik etmək təklifi aldığını bildirib.

***16:55

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze fevralın 1-də partiyanın qurultayında mövqe mübadiləsi aparacaqlar.

Sozcu.az xəbər verir ki, bu barədə hökumətyönlü “İmedi” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yanvarın 24-də hakim partiyanın siyasi şurasının iclası keçirilib və iclasda kadrlarla bağlı qərar verilib. Həmçinin, partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb. “İmedi”nin məlumatına görə, Kobaxidze həm baş nazir, həm də partiyanın siyasi katibi təyin olunacaq. Partiya sədri postuna isə hazırkı baş nazir İrakli Qaribaşvili namizədliyini irəli sürəcək. Lakin bu vəzifəyə partiyanın yaradıcısı Bidzina İvanişvilinin oğlu Uta İvanişvilinin də namizədliyini irəli sürəcəyi istisna edilmir.

Qeyd edək ki, Gürcüstan qanunlarına görə, baş nazir postunu tərk edərsə, kabinet avtomatik istefa verir, bundan sonra hakim partiya hökumətin sədri vəzifəsinə yeni namizəd irəli sürür, o da öz növbəsində Nazirlər Kabinetini formalaşdırır və təsdiq üçün parlamentə göndərir. Yeni baş nazir və gələcək hökumətin üzvləri 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır.

Yeni partiya sədrinə gəlincə, o, siyasi partiyanın qurultayında seçilir.

Xatırladaq ki, 2023-cü ilin dekabrında “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının yaradıcısı, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətə qayıdıb və partiyanın fəxri sədri vəzifəsini tutub.

Share on Facebook