Göyçay rayonunda xuliqanlıq etmiş şəxs həbs edilib.
Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Göyçay şəhər Bakı küçəsində yaşayan 1970-ci il təvəllüdlü Abbas Qədirov (ad və soyadlar şərtidir) şəhərin M.Ə.Rəsulzadə küçəsində icra hakimiyyətinin əməkdaşı ilə dalaşıb. Belə ki, A.Qədirov əvvəllər arayışa görə aralarında mübahisə yaranmış N.İsmayılovun yanından keçərkən üzünü ona tutaraq “Noldu Paşinyan” mahnısını oxuyub. Mahnının onun ünvanına olduğunu düşünən RİH əməkdaşı 53 yaşlı kişiyə yaxınlaşaraq irad bildirib və aralarında mübahisə baş verib.
Hadisədən sonra A.Qədirov barəsində inzibati protokol tərtib edilib və o, saxlanılıb.
Məhkəməyə göndərilən şəxs məmurla əvvəldən aralarında narazılığın olduğunu deyib: “N.İsmayılov Göyçay rayon İcra Hakimiyyətinin icra nümayəndəliyində işləyir. Əvvəllər arayış almaqla bağlı onun yanında olmuşam, lakin o, müxtəlif bəhanələr gətirərək mənə arayış verməkdən imtina edib, buna görə də aramızda narazılıq olub. Hadisəyə gəlincə, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çay evinin yaxınlığında “Noldu, Paşinyan?” mahnısını oxuyarkən, o, mənə yaxınlaşıb oxuduğum mahnının ona ünvanlandığını dedi. Mən isə mahnının ona ünvanlayaraq oxumadığını bildirdim”.
Göyçay Rayon Məhkəməsi protokola baxaraq 53 yaşlı kişinin 10 sutka həbs edilməsi barədə qərar qəbul edib.