“İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətində revanşist açıqlamalar, habelə müharibəyə hazırlıq kimi fikirlər hər zaman olub. Son vaxtlar isə bu çağırışlar intensivləşib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev deyib.
Analitik Prezident İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibədə Ermənistanın yenidən mühairbəyə hazırlaşması ilə bağlı səsləndirdiyi fikirlərəi şərh edib.
Xatırladaq ki, dövlət başçısı Fransa tərəfindən Ermənistanın silahlandırılmasını qəbuledilməz bir addım kimi qiymətləndirib. Prezident əlavə edib ki, Ermənistanı bir müharibəyə hazırlayan ölkə Fransadır.
“Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, – deyə Prezident vurğulayıb.
M.Əliyevin fikrinsə isə ermənilər sülhə yox, müharibəyə hazırlaşırlar:
“Hələlik ideoloji müharibə özünü göstərir ki, bu da yekunda hərbi qarşıdurmaya gətirib çıxarır. Çünki paralel olaraq Ermənistanda bu istiqamətdə hazırlıq gedir. Ermənilər gözləyirlər ki, nə vaxtsa geosiyasi vəziyyətlə bağlı maraqlar dəyişəcək və onlar bundan istifadə edib öz fəaliyyətlərini yenidən Azərbaycana qarşı həyata keçirəcəklər. Ermənilərin strategiyası məhz bundan ibarətdir”.
“Zəngəzur yolu ilə bağlı məsələyə gəldikdə isə bu konsepsiya çərçivəsində, əlbəttə ki, onlar bu yolun açılmasını istəmir. Onlar həmişə Böyük Turandan danışırlar, Zəngəzur dəhlizini Böyük Turan dəhlizi kimi təsnif edirlər və yolu bağlı saxlamağı Turanın qarşısının alınması üçün bir missiya kimi görürlər. Ona görə də biz alternativ variantlara üz tutduq və İran ərazisindən bu yolu çəkdik”, – müsahibimiz fikirlərini yekunlaşdırıb.