Erməni prezident sərhədlərin delimitasiyasından danışdı: “Vaxt yetişib”

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistanla Azərbaycan arasında Tavuş vilayətində həyata keçirilən sərhəd delimitasiyası rəsmi İərvanın regionda davamlı sülh istəyinə yönəlib.

Sozcu.az xəbər verir ki, Vaaqn Xaçaturyan “Armenpress” və “Şant” telekanalı ilə söhbətində bu mövzuya toxunub.

“Voskepar, Bağanis, Kirants və Berkaber kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, dərk etməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq. Əks halda, təhlükə həmişə var və bu təhlükə zərərsizləşdirilməlidir”, - deyə prezident bildirib.

Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.

“Amma mən əmin edirəm və inanıram ki, biz baş verən hadisələrə daha çox maraqlı və məsuliyyətliyik. Bizim üçün ən vacibi isə bu kəndlərdə yaşayan insanların təhlükəsizliyini təmin etməkdir”, - prezident vurğulayıb.

O əlavə edib ki, Ermənistan Respublikasının vətəndaşı kimi hökumətin hərəkətlərini cəsarətli hesab edir.

“Təəssüflər olsun ki, biz problemi gələcəyə buraxırdıq və hətta bunu bir neçə dəfə açıq şəkildə bəyan etmişik. Qarabağ probleminə gəlincə, məlum tezis var idi: daha 100 il belə yaşaya bilərik. Gördük ki, 100 il belə yaşamaq qeyri-mümkündür, çünki zaman və situasiya dəyişir, bu gün nə etmək olarsa, sabah onu edə bilmərik. Təhdidləri vaxtında aradan qaldırmağı bacarmaq lazımdır. İndi vaxt yetişib və biz bu istiqamətdə gedəcəyik”, - deyən prezident hökumətin fəaliyyətini alqışlayıb.

Vaaqn Xaçaturyan Ermənistan vətəndaşlarını hakimiyyətin hərəkətlərinə etibar etməyə və bir çox hallarda onların hissləri ilə oynamaq məqsədi daşıyan, bir damla həqiqəti özündə əks etdirməyən təxribatlara uymamağa çağırıb.

Share on Facebook