"ABŞ davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi ilə ən yüksək səviyyədə qarşılıqlı əlaqədə rol oynamağa davam edəcək".
Sozcu.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.
“Biz Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmət edirik və təbii ki, onun qanunvericilik proseslərinə münasibət bildirməyi Ermənistan hökumətinin ixtiyarına buraxacağıq. Biz hər bir ölkənin BCM-yə qoşulmaq hüququna hörmət edirik”, - o bildirib.
Dövlət Departamentinin sözçüsü Qarabağda uzunmüddətli müstəqil beynəlxalq monitorinq missiyasına çağırışını təkrarlayıb. Qarabağda Rusiya sülhməramlılarının olmasını şərh edən Patel qeyd edib ki, o, mövzu ilə bağlı spekulyasiya etmək istəmir: “Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Lakin Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək".
Onun sözlərinə görə, Vaşinqton BMT nümayəndəsinin missiyanın səfərindən sonra Qarabağdakı vəziyyətlə bağlı bəyanatlarını yüksək qiymətləndirir: “Lakin bu, ABŞ-ın bu məsələyə baxışını dəyişmir. Biz hətta BMT-nin səfəri fonunda belə inanmağa davam edirik ki, Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına güclü istək və ehtiyac var. Bunun şəffaflığı təmin edəcəyini düşünürük".