Dəm qazından boğulmamaq üçün nə etmək lazımdır? - Sabiq rəis sirləri açdı

“Vaxtilə abonentlərin sayı 300-400 min civarında idi, hazırda isə bu rəqəm təxminən 2 milyona çatıb. Soyuq aylarda maksimal qaz tələbatı sutkada 30 milyon kubmetrdən artıq olur”.

Bunu “Yeni Sabah”a açıqlamasında “Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, mavi yanacaq sahəsi üzrə ekspert Nüsrət Qasımov deyib.

Hər il onlarla ailənin dəm qazının görünməyən, amma amansız təsiri ilə faciə yaşadığını bildirən ekspert ehtiyatlı olmağı tövsiyə edib:

“Normal halda qaz göy rəngli alovla yanmalıdır. Lakin bəzən alovun içindən sarı və qırmızı rəngli məşəllər çıxır. Bu isə qazın tam təmizlənmədiyini göstərir.

İkinci əsas problem əhalinin yetərincə maarifləndirilməməsidir. Əhali qazdan təhlükəsiz istifadə qaydaları ilə mütəmadi şəkildə məlumatlandırılmalıdır.

Digər mühüm məsələ tüstü bacaları ilə bağlıdır. Bir çox binalarda tüstü bacaları 40 ildən artıqdır ki, təmizlənmir. Bacaların kimə məxsus olduğu və hansı qurumun bu işə cavabdeh olduğu dəqiq bilinmir. Mövcud olan təmizləmə şirkətləri isə bir tüstü bacasının təmizlənməsi üçün 20 manat tələb edir. Əhalinin bütün təbəqələri bu məbləği ödəmək imkanına malik deyil. Kasıb təbəqənin mövcudluğu hamıya məlumdur. Nəticədə illərlə tüstü bacaları təmizlənmir”.

N.Qasımov xüsusilə su qızdırıcıları və İran sobalarından istifadə edənlər üçün riskin daha böyük olduğunu bildirib:

“Qaz istifadəçiləri, xüsusilə su qızdırıcıları və İran sobalarından istifadə edənlər üçün problem daha ciddidir. Bu cihazların tüstü bacaları çox vaxt düzgün quraşdırılmır. Normalda tüstü bacası dam səviyyəsindən azı yarım metr hündür olmalıdır ki, zəhərli qazlar, xüsusilə karbon monoksid, təhlükəsiz şəkildə havaya ötürülsün. Hazırda isə bəzi hallarda bacalar pəncərədən çıxarılır, bəzən isə divar deşilərək quraşdırılır ki, bu da düzgün deyil.

Bakı şəhərində küləyin sürəti bəzən 40 km/saata çatır. Güclü külək tüstünü bacadan geri itələyərək otağın içinə doldura bilir. Əgər həmin otaqda insanlar yatırsa, dincəlirsə və ya hamamda olurlarsa, zəhərlənmə riski çox yüksək olur. Təəssüf ki, bu səbəbdən tez-tez ölüm halları baş verir”.

Ekspert qeyd edib ki, bu məsələdə həm “Azəriqaz”, həm də əhali məsuliyyət daşıyır:

“Əhali “Azəriqaz”ın xəbəri olmadan yeni qaz cihazları quraşdırır, tüstü bacalarını düzgün çəkmir.Nəticədə dəm qazı evin daxilində toplanır və insan cəmi 7 dəqiqə ərzində bu qazı nəfəs alarsa, zəhərlənə bilər.

Bu, açıq-aşkar məsuliyyətsizlikdir. Əhali qohum-əqrəba və ya tanış vasitəsilə usta tapır, lisenziyası olub-olmamasına baxmadan qaz qurğularını quraşdırdırır. Halbuki qaz cihazlarının quraşdırılması, onlara texniki xidmət göstərilməsi və şəbəkəyə qoşulması yalnız ixtisaslı, sertifikatlı və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. Bəzi hallarda deyilir ki, evdar qadınlar qaz cihazlarına qulluq etməlidirlər. Bu, absurddur. Evdar qadınlar yemək bişirməyi bilər, amma injeksion kalonka ilə diffuzion kolonkanın fərqini haradan bilməlidir? Bu cihazlara düzgün qulluq üçün xüsusi bilik, sertifikat və lisenziya tələb olunur”.

N.Qasımov qaz sızması zamanı iy hiss edilməsi üçün qaza hökmən “odoran” maddəsi vurulmalı olduğunu deyib:

“Digər vacib məsələ qaz detektorlarıdır. Bu cihazların qiyməti təxminən 30 manatdır. Qaz detektorları yataq otaqlarında, mətbəxdə və hamamda quraşdırılmalıdır. Bu ağıllı cihazlar qaz sızması və ya karbon monoksid olduqda dərhal səsli və vizual siqnal verir və insanları vaxtında xəbərdar edir”.

Share on Facebook