“Dağlarda gizlənən separatçılar Ermənistana keçməyə çalışırlar, Kəlbəcər və Laçında...”

“Çox şükürlər olsun ki, 44 günlük savaş və son təmizləmə əməliyyatı nəticəsində də şəhid və qazilərimizin canı-qanı hesabına Qarabağın dağlıq hissəsi və ətraf rayonlarımızın, demək olar ki, hər metrini hərbi baxımdan nəzarətə götürdük. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və s. kimi separatçı liderləri dövlət qurumlarımız yaxalayıb Bakıya gətirdi və hazırda zindandadırlar. Lakin əvvəlki söhbətimizdə, dediyim kimi, təəssüf ki, Samvel Babayan, Vitali Balasanyan, Samvel Şahramanyan kimi bəzi separatçı general və məmurlar hansısa yolla Ermənistana keçə bildilər”.

Sozcu.az xəbər verir ki, bunu Qarabağdakı son lokal hərbi əməliyyatlar zamanı bələdçi və döyüşçü kimi, nəhayət, 31 il sonra öz doğma yurduna – Şuşa rayonunun Malıbəyli kəndinə gedib çıxa bilmiş tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Azay Kərimov söyləyib.

“Dediyim baxımdan bu gün Azərbaycan ordusunun, xüsusən Ermənistanla sərhəd rayonlardakı Milli Ordu və Dövlət Sərhəd Xidməti hərbçilərinin üzərinə böyük məsuliyyət düşür. Çünki Qarabağda hələ də orda-burda meşələrdə, dağlarda, dərələrdə gizlənən separatçılar, terrorçular bu dəqiqə Ermənistana keçməyə yol-riz axtarırlar. Onlar artıq qapısı bağlı anbarda qalmış siçovul kimi qaçmağa dəlmə-deşik arayır. Və həmin separatçıların çoxu son 30-35 ildə həm keçmiş Dağlıq Qarabağla, həm də Ermənistanla həmsərhəd olan rayonlarımızın hər qarışına, hər dağına, hər təpəsinə, hər qayasına, hər daşına, hər cığırına yaxşı bələddirlər. Xüsusən də Kəlbəcər, Laçın əraziləri relyef baxımıdan çox mürəkkəb, tamamilə dağlıq, meşəlik olduğundan erməni separatçı və yaraqlıları üçün o ərazilərdən Ermənistana keçmək bir növ daha asandır. Bu baxımdan dağ, meşə və dərələrimizdə güclü axtarış tədbirləri ilə yanaşı, sərhədlərimizdə də hər dağ keçidinin, hər meşəliyin, hər kolluğun başında 4-5 əsgər dayanmalıdır. Sərhədlərimizi elə möhkəmləndirməliyik ki, daha heç bir nəfər separatçı, yaraqlı da Ermənistana keçə bilməsin. Ehtiyac yaranarsa, ehtiyatda olan qüvvələrimiz də cəlb olunmalıdır. Təki sərhədlərimiz daha etibarlı qorunsun və Qarabağda qalan separatçı rejim tör-töküntülərinin canlarını ədalətli cəzamızdan qurtarmaqlarına imkan verməyək”, – deyə davamında kəşfiyyatçı zabit vurğulayıb./Moderator.az

Share on Facebook