“Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur...”
“Hesab edirəm ki, Dağıstandakı – Mahaçqala hava limanındakı son iğtişaşlar təsadüfi deyil. Birincisi, içərisində guya yəhudilər olduğu deyilən və Təl-Əvivdən qalxan təyyarənin oraya enməsi təəccüblüdür. Bildiyimə görə, belə bir reys, ümumiyyətlə, yoxdur... Əgər İsraildən Dağıstana doğrudan da uçuş olubsa, bu hansı səbəbdən baş verib. İkincisi, insanlar Təl-Əvivdən qalxan təyyarənin Mahaçqalaya enəcəyi xəbərini öncədən haradan biliblər ki, belə ani şəkildə təşkilatlanıb aeroporta kütləvi hücum təşkil ediblər?”
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az-a açıqlamasında “Sizcə, Mahaçqala aeroportunda baş vermiş kütləvi antisemit iğtişaş kortəbii şəkildə baş verib, yoxsa öncədən planlaşdırılıb?”sualını cavablandırarkən ifadə edib.
“Belə suallar bəhs edilən olayların arxasında Rusiya daxilində sabitliyi pozmağa çalışan hansısa qüvvələrin dayandığı ehtimalını da yaradır. Təbii ki, xarici qüvvələrin də əli ola bilər. Amma nəzərə alsaq ki, Rusiya dövlətinin öz daxilinə xarici müdaxilə baxımından nəzarəti yetərincədir, bu daha çox daxildəki hansısa qruplaşmanın əməli kimi də anlaşılır. Belə çıxır ki, insanları öncədən məlumatlandırıblar, təşkilatlandırıblar. Və görünür, Putinin konkret olaraq özünün və onun komandasının İsrailə bugünkü münasibətinə neqativ mənada belə bir dəstək göstərmək məqsədi güdülüb. Göstərmək ki, həqiqətən Putin Rusiyasında antisemitizm baş alıb gedir... Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur. Odur ki, sözügedən iğtişaşlar daha çox Rusiya daxilindən törədilmiş təxribata oxşayır”,- deyə analitik vurğulayıb.