Böyük Britaniya İsrailin Livana hava zərbələrindən sonra bütün tərəfləri gərginliyi azaltmağa və atəşkəs əldə etməyə çağırıb.
Sozcu.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü İsrailin özünümüdafiə hüququnu qətiyyətlə dəstəklədiklərini qeyd edərək bildirib: “Bizim çox açıq mesajımız budur ki, bütün tərəflər təmkin nümayiş etdirməlidir. Hər kəs geri çəkilməli və gərginliyin qarşısını daha çox almalıdır. Atəşkəs regionda sülhün təmin edilməsi üçün zəruri olan siyasi həll yolu tapmaq istiqamətində lazım olan imkanı təmin edəcək”.
O, regionun uçurumun kənarından geri çəkilməli olduğunu təkrarlayıb və bölgənin təhlükəli həddə yaxınlaşdığını vurğulayıb.
Qeyd edək ki, Kir Starmer və digər hökumət nazirləri Britaniya vətəndaşlarını kommersiya uçuşları ilə Livanı tərk etməyə çağırıblar.
Baş nazirin sözçüsü deyib ki, hazırda hökumətin diqqəti Livanı tərk etmək istəyənlər üçün ticarət uçuşlarında əlavə yerlər təmin etməkdir. O, britaniyalıları bir daha Livanı tərk etməyə, hökumətlə əlaqə saxlayıb mövcudluqlarını qeydiyyata almağa çağırıb.