BMT-nin Baş katibi dünya ictimaiyyətinə MÜRACİƏT ETDİ

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Nelson Mandela Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Sozcu.az xəbər verir ki, Baş katib görkəmli ictimai xadim Mandelanın bəşəriyyət qarşısında xidmətlərini vurğulayıb. O əlavə edib: “Nelson Mandela bizə daha yaxşı bir dünya qurmaqda bir insanın edə biləcəyi fövqəladə fərqi göstərdi. Builki Beynəlxalq Nelson Mandela Gününün mövzusu yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasının bizim öz əlimizdə olmasıdır”.

Dünyamızın qeyri-bərabər bölündüyünü diqqətə çatdıran Quterreş qeyd edib ki, hazırda bir çox ölkələrdə aclıq və yoxsulluq hökm sürür. “Ən varlı ölkələrin planeti məhv edən istixana qazlarına bəşəriyyətin üçdə ikisini təşkil edən yoxsul dövlətlərlə eyni dərəcədə cavabdeh olması ədalətsizdir. Bunlar təbii faktlar deyil, bəşəriyyətin seçimlərinin nəticəsidir. Biz başqa cür qərar verə bilərik; yoxsulluğu aradan qaldırmağı, bərabərsizliyə son qoymağı, beynəlxalq iqtisadi və maliyyə sistemini təkmilləşdirməyi seçə bilərik. Biz irqi ayrı-seçkiliyə qarşı vahid cəbhədə birləşməyi, insan hüquqlarına hörmət etməyi, iqlim dəyişikliyi ilə mübarizə aparmağı və bütün bəşəriyyət üçün faydalı olacaq bir dünya yaratmağı seçə bilərik. Hər birimiz böyük və kiçik tədbirlərlə öz töhfəmizi verə bilərik”, -deyə Baş katib vurğulayıb.

Antonio Quterreş müraciətinin sonunda deyib: “Mən hamını Nelson Mandela Fonduna qoşularaq, Beynəlxalq Nelson Mandela Günündə 67 dəqiqə ictimai xidmət göstərməyə çağırıram. Bu, onun ədalət uğrunda mübarizə apardığı hər il üçün bir dəqiqə deməkdir. Gəlin, birlikdə Mandelanın irsinə hörmət edək və səylərimizi hamı üçün daha yaxşı bir dünya qurmağa yönəldək”.

1918-ci il iyulun 18-də doğulmuş Nelson Mandela 1994-1999-cu illərdə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti olub. Ömrünün əksər hissəsini haqsız yerə həbsxanada keçirən azadlıq fədaisi bütün həyatı boyu irqi ayrı-seçkiliyə qarşı davamlı mübarizə aparıb. BMT 2009-cu ilin noyabrında 18 iyul tarixini CAR-ın sabiq Prezidentinin doğum günü şərəfinə Beynəlxalq Nelson Mandela Günü elan edib.

Share on Facebook