Bir ailədən 3 nəfərin öldüyü hadisənin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, avqustun 10-na keçən gecə Zərdab rayonu ərazisində 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən 13 yaşlı Xədicə Eyvazlı Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin VII-ci sinif şagirdi imiş. Onunla birgə yaxın qohumu olan 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və onun 3 yaşlı qızı Mədinə də aldıqları xəsarətlərdən vəfat edib.

Bildirilir ki, avtomobildəkilərin hamısı bir ailənin üzvü və yaxın qohumlar olub. Onlar Ağcabədidən Bakıya A.Quliyevanı və 3 yaşlı qızını xəstəxanada müayinə etdirmək üçün gəlibmiş. Hadisə də rayona qayıdarkən baş verib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Quliyev Niyaməddin Eyvaz oğlunun idarə etdiyi “VGV U75 Plus” markalı 77-YE-816 dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir-Zərdab yolunda aşıb. Nəticədə sürücünün qızı 2011-ci il təvəllüdlü Xədicə Eyvazlı, onun yaxın qohumu 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və A.Quliyevanın qızı 2021-ci il təvəllüdlü Mədinə vəfat edib.

Sürücü və digər sərnişinləri: qızı Həcər və Raya, eləcə də 1980-ci il təvəllüdlü İlqar Quliyev, 1989-cu il təvəllüdlü Tünzalə Quliyeva, 2012-ci il təvəllüdlü Lalə Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Share on Facebook