Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

11:19

Bu gün Bakının Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb.

Sozcu.az xəbər verir ki, səhər saatlarında baş verən hadisə zamanı 2 nəfər ölüb.

Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 25-də saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub:

"Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb".

***

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mersedes” markalı avtobusla toqquşub.

Hadisə nəticəsində “Mersedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 qadının meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Share on Facebook