İllərdir həllini tapmayan sənədsiz ev problemi yenidən gündəmdədir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Mətin Eynullayev bu məsələ ilə bağlı qanun layihəsinin hazırlandığını bildirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, tikinti qadağası olan xüsusi ərazilərdə tikilənlər istisna olmaqla, digər sənədsiz evlərə mərhələli formada çıxarış veriləcək:
“Bu prosesə 2019-cu ildən başlanılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti hələ o vaxt komissiya yaratmışdı və həmin komissiya öz profilinə uyğun olaraq hər bir rayonun ərazisində olan sənədsiz-qeydiyyatsız evlərin qeydiyyat uçotunu aparmağa başlamışdı. Lakin 2020-ci ildə pandemiya başlandığı üçün bu proses yarımçıq qaldı. Təcrübə göstərdi ki, bu qeydiyyataalma prosesi icra hakimiyyətləri tərəfindən özünəməxsus formada aparılıb. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, təyin olunmuş xüsusi zonalar istisna olmaqla, digər yaşayış evlərinə çıxarışların verilməsinə mərhələli formada amnistiya veriləcək”.
Ekspert amnisitiyaya düşməyəcək əraziləri də qeyd edib.
“Xüsusi zonalar dedikdə, elektrik xətlərin keçdiyi, neft əraziləri və kənd təsərrüfatı təyinatlı torpaqlar nəzərdə tutulur ki, bunların sənədləşdirilməsi qanunvericiliyə ziddir. Sənədləşdirmə ilə bağlı müvafiq dövlət qurumlarının rəyi hazırlanır. Bu proses mərhələli formada həyata keçiriləcək. Çünki hazırda sənədsiz evlərin sayı olduqca çoxdur və bunlar müxtəlif təyinatlı torpaqlarda tikilib”.